mobil versiya

Azərbaycanda sarımsağın qiyməti bahalaşacaqmı?



Rusiya bazarında bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən sarımsağın qiymətində bahalaşma müşahidə edilib.

Buna səbəb son dövrlər virusa yoluxmamaq üçün bu tip məhsullardan istifadənin kütləviləşməsidir.

Çində yayılmış koronavirusun Rusiyaya keçmək təhlükəsi ilə bağlı bu məhsula tələbat ölkədə kəskin artırıb.

Qeyd edək ki, Azərbaycanda da viruslardan qorunmaq üçün sarımsaq, soğan və digər kənd təsərrüfatı məhsullarından istifadə geniş vüsət alıb. Mövcud vəziyyətdə Azərbaycanın İranla sərhədini bağlaması bəzi kənd təsərrüfatı məhsullarının bahalaşma riskini ortaya qoyub. Mövzu ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və iqtisadçı ekspertə müraciət etdik.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov BAKU.WS-ə bildirib ki, kənd təsərrüfatı məhsullarının qiyməti nazirliyin səlahiyyətinə aid olan məsələ deyil: “Bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirliyin qiymətləri müəyyənləşdirmək və ya tənzimləmək mexanizmi yoxdur. Nazirlik heç bir məhsulun qiymətinin formalaşdırılmasında iştirak etmir. Bizim funksiyamız sadəcə məhsuldarlığı təmin etməkdir”.

İqtisadçı ekspert Rəşad Həsənov isə deyib ki, Azərbaycanın qonşu ölkələrlə sərhədlərini bağlaması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcək: “Burada iki istiqamətli təsir vardır. Faktiki olaraq İran Azərbaycanda kənd təsərrüfatı məhsullarını ən aşağı qiymətlə təklif edən ölkələrdən biridir. Bu ölkədən idxal olunan məhsullara məhdudiyyətin qoyulması həmin məhsulların qiymətinin bahalaşmasına gətirib çıxaracaq.

Amma digər məsələ də budur ki, məhsul növləri üzrə qiymətləndirmə aparsaq, əhalinin böyük əksəriyyəti İrandan gələn məhsullara şübhə ilə yanaşa bilər. Bu da həmin məhsullara olan tələbin aşağı düşməsinə səbəb ola bilər. Hətta stoklarda qalan məhsulların satışında belə problem yarana bilər. Bu, təbii ki, istehlakçıların davranışından asılıdır və qiymət artımları bu istiqamətdə müəyyən qədər əngəlləyə bilər.
Lakin nəzərə almaq lazımdır ki, İrandan gələn məhsulları almayan istehlakçı digər alternativ məhsullara müraciət etməlidir. Bu isə o deməkdir ki, başqa ölkələrdən nisbətən daha yüksək qiymətlə məhsulların gətirilməsi intensivliyi artacaqdır. Eyni növ məshulların qiymətində mütləq və mütləq artımlar baş verəcək.

Azərbaycan hökuməti əlində olan alətlərdən istifadə etməlidir. Gömrük rüsumları, vergi dərəcələri, sahibkarların xüsusi gündəlik tələbat məhsullarını gətirməyə təşviq edilməsi kimi xüsusi alətlərdən istifadə edərək müəyyən qədər qiymət təzyiqlərini, xüsusilə də  idxal inflyasiyasını gücləndirən faktorları neytrallaşdıra bilər. Amma tam aradan qaldırmaq heç bir halda mümkün olmayacaq”.//BAKU.WS

KARUSEL / GÜNDƏM / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 26-02-2020, 16:32