Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq

Məlumatda qeyd olunub ki, beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti azərbaycanlı əhalini hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz: “Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq. Ermənistan Xarici İşlər Nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”.
/APA/
#xariciişlərnazirliyi #dağlıqqarabağ #münaqişə
MANŞET / SİYASƏT / ÖLKƏ
Tarix: 27-08-2019, 16:29