mobil versiya

Viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır



Viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov deyib.
O bildirib ki, tədrisin başlaması ilə havaların soyuması eyni vaxta düşdüyü üçün qeyd edilən mühitlərdə yoluxma halları artır: “Tez-tez burun tutulması, burunaxması, boğazın qıcıqlanması, ağrıması virusa yoluxmanın ilkin əlamətlərindəndir. Bu, orqanizmin müdafiə funksiyasıdır. Orqanizm selikli qişanı təmizləmək üçün öskürmə, qıcıqlanma ilə büruzə verir. Bütün viruslar qızdırma vermir. Rinovirusa yoluxan şəxslərdə temperaturun yüksəlməsi olmur. Lakin qripə yoluxma zamanı bütün orqanizm reaksiya ilə cavab verir. Bu baxımdan qrip rinovirusdan daha ağırdır”.
Həkim virusa yoluxmadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğulayıb: “Virusa yoluxmadan qorunmaq üçün əsas şərt gigiyenadırsa, digər şərt də otaqların havalandırılmasıdır. Bəzən qapı-pəncərəni bərk-bərk bağlayırlar ki, soyuq olmasın. Lakin bu, yolverilməzdir. Havanı nəmli saxlamaq lazımdır”.
Həkim həmçinin, qeyd edib ki, uşaqları soyuğa öyrəşdirmək lazımdır: “İnsan təbiətlə nə qədər çox əlaqədə olsa, immuniteti o qədər çox inkişaf edəcək. Elə buna görə də kənd uşaqları daha sağlam olur, gec xəstələnirlər, şəhər uşaqları isə daha tez-tez xəstələnirlər”.
Həkimin sözlərinə görə, 4-5 yaşa qədər uşaqların il ərzində 10-12 dəfə xəstələnməsi normal haldır: “4-5 yaşdan sonra uşaqlarda virusa qarşı orqanizmin müdafiəsi zəifləyir. Buna görə 4-5 yaşda uşaqları bağçada saxlamaq düzgün deyil. Çünki onlarda immun sistemi formalaşmadığına görə, məktəbə getdikləri zaman daha tez-tez xəstələnəcəklər. Unutmamalıyıq ki, immunitet mühitdə formalaşır”.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 1-11-2023, 15:43