mobil versiya

Gürcüstan DTX-na çağırılmış sabiq deputat: “Azərbaycanlıların milli mənafeyinə qarşı kim çıxacaqsa...” - MÜSAHİBƏ




“Gürcüstanda azərbaycançılığın silinməsi prosesi ilə üzbəüz qalmışıq”

Gürsüstanda azərbaycanlı siyasi fəallara qarşı təzyiqlər başlanıb. Borçalı əsilli tanınmış jurnalist Sərkərdə Sərxanoğlu özünün “facebook” səhifəsində yazıb ki, sabiq millət vəkili Zümrüd Qurbanlı Tiflisdə yerləşən Xüsusi İdarəyə çağırılıb.

“Qeyrət Xalq Hərəkatının lideri Zümrüd Qurbanlı Tiflisə, Xüsusi İdarəyə dəvət edilib. Xatırladım ki, Zümrüd bəy, neçə müddətdir ki, Gürcüstanda yaşayan soydaşlarımıza qarşı bəzi qüvvələrin getdikcə intensiv xarakter alan diskriminasiya siyasətinə qarşı şiddətlə mübarizə aparır. Təəssüflər olsun ki, Azərbaycan mətbuatı və ictimaiyyəti, xüsusilə, Borçalı əsilli ziyalı və QHT-lər, təşkilatlar da bu məsələyə olduqca laqeyd münasibət bəsləməkdədirlər”-deyə, S.Sərxanoğlu yazıb.

Qeyd edək ki, mayın 30-da Gürcüstan DTX Kvemo-Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı alovlandırmağa cəhd edən qruplar və fərdlərin olması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, həmin şəxslər milli zəmində münaqişə yaratmaq məqsədilə azərbayanlıların yığcam yaşadığı bölgələrdə uzun illər ərzində toplanmış problemləri müxtəlif mənfi kontekstlərdə təhrif edir, aqressiv çağırışlar edir və insan hüquqlarını pozurlar. Məsələ ilə əlaqədar irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə pozulması, milli zəmində düşmənçilik yaratmaq və diskriminasiya, maddələri üzrə istintaqa başlanılıb.

Cebhe.info Gürcüstanda baş verən hadisələrlə bağlı sabiq millət vəkil Zümrüd Qurbanlıdan müsahibə alıb.

-Zümrüd bəy, sizi Gürcüstanın Xüsusi İdarəsinə çağırıblar. Səbəb nə idi? 

- Məni Tiflisdə yerləşən Gürcüstan Xüsusi İdarəsinə çağırıblar. Bu gün orada olmalıyam. Bunun səbəbini soruşdum. Nəriman Nərimanovun heykəli ətrafında baş verən hadisələrlə bağlı olduğunu dedilər. İdarəyə çağırmaları təkcə bununla bağlıdır, yoxsa yox, bu barədə heç nə deyə bilmərəm.

“Heykəllə bağlı məsələyə siyasi müstəvidə yanaşmalıyıq”

-Nərimanovun heykəli ilə bağlı məsələyə münasibətdə Azərbaycanda ikili fikir var. Sizcə heykəl qalmalıdırmı?
-Bununla bağlı məlumatım var, müzakirələri izləyirəm. Hər bir şəxsiyyət haqqında fərqli fikirlər normaldır. Alim, ictimai xadimlərin, ziyalıların tarixi şəxsiyyətlərə, Xalq Cümhuriyyətinin qurucularına, ondan sonrakı liderlərə münasibəti müxtəlif ola bilər. Lakin bu məsələnin siyasi müstəvidə müzakirəsi bir az fərqli vəziyyət yaradır. Azərbaycan Respublikasnının prezidenti İlham Əliyevin 14 fevral 2020-ci ildə imzaladığı sərəncam var. Həmin sərəncamda Nəriman Nərimanovun 150 illik yubileyinin təntənəli şəkildə keçirilməsi öz əksini tapıb. Bu baxımdan biz məsələyə ictimai müzakirələrdə səslənən fikirlər kontekstindən deyil, siyasi müstəvidə yanaşmalıyıq. Azərbaycan dövlətinin rəsmi mövqeyini əsas götürməliyik. Nəriman Nərimanov tarixi şəxsiyyətdir. Gürcüstana təmənnasız yardımlar edən, Türkiyə cümhuriyyətinin ağır illərində Mustafa Kamal Atatürkə qızıl, neft, maddi yardımlar göndərən bir ictimai-siyasi xadimi anlamaq bu günki reallıqda çox çətindir. Nərimanov həmin dövrdə həm ictimai-siyasi xadim, həm yazıçı idi. Erməni-müsəlman qırğınları dövründə “Bahadır və Sona” adlı əsər yazmışdı. Onun ana fikri dostluq, maarifçilik idi. Sovet hökuməti belə bir müddət onun adını yasaqlamışdı. Sonradan məlum oldu ki, Nərimanov zəhərlənib. Heykəlin qalması məsələsinə Türkiyə səfir Fatma Ceren Yazqanın fikiləri ilə davam etmək istəyirəm. O deyir ki, Türkiyə heç zaman Mustafa Kamal Atatürkə yardım edən bur şəxsiyyəti unutmayacaq, onun heykəlinin Marneulidə qalması üçün əlindən gələni edəcək. Mən bu cəsarətli diplomatı alqışlayıram. Çox təəssüf ki, nun bu cəsarəti bir çox Azərbaycan diplomatında və ya ictimai-siyasi xadimində görmürük.

“Bizi “məsələyə qızışdırıcı mövqedən çıxış etməkdə” günahlandırmaları doğru deyil”

- Gürcülər bu məsələni indi niyə qaldırıb? Tiflisin məqsədi nədir? Bu cür təzyiqlərlə nəyə nail olmaq istəyirlər?

- Gürcülər bu məsələni indi qaldırmayıb. Əslində bu, gürcü xalqının məsələsi deyil. Bu, bir qrupun qaldırdığı məsələdir. Bu məsələnin bir başında Nərimanovun heykəli dayanırsa, o biri başında “Keşikçidağ” dayanır. Burdan təzyiq edib, o biri məsələdə güzəşt qazanmaq istəyirlər. Əslində qazana biləcəkləri az, itirəcəkləri çox olacaq. Bu məsələdə itirəcəyimiz dostluğumuz, etibarımız olacaq. Mən müraciətimdə bunu vurğulamışdım. Mən onların yazılarına, istəklərinə qarşı deyiləm. O istəklərin altındakı Azərbaycan xalqına, hakimiyyətinə yönəlmiş təhqirlərə diqqəti çəkmək üçün müraciət etmişdim. Bunların mövqeyi isə “Siz müraciət edirsinizsə, bu məsələyə qoşulmusunuz. Siz niyə bu məsləyə münasibət bildirirsiniz” şəklindədir...

Bu işləri Şalve Natelaşvili başlatmışdı. O, Nərimanov haqqında fikri söyləməsə də, “Keşikçidağ”a münasibət bildirmişdi. Bu gün də onun yanaşması belədir: “Gürcü hakimiyyəti o torpaqları faktiki olaraq güzəştə gedir. Azərbaycan silah gücünə o əraziyə sahib olur. Bu iki xalq arasında münasibətlərin pozulmasına səbəb olacaqsa, qoy olsun”. Biz isə deyirik ki, belə bəyanatlar zərərlidir. Onun açıqlamasından sonra biz bəyanat vermişik ki, mövqe yanlışdır, iki dövlət arasında strateji münasibətlərə xələl gətirir. Bu məsələ iki xalq arasında qarşılıqlı etimadın pozulmasına səbəb olacaq. Problem siyasətçilər, din xadimlərinin iştirakı ilə müəyyən komissiyada müzakirə olunmalı və qərara gəlinməlidir. Biz bunu deyirik. Buna görə bizi də “məsələyə qızışdırıcı mövqedən çıxış etməkdə” günahlandırırlarsa, bu doğru deyil.

“Yepiskopun insanların milli heysiyyatına toxunması doğru deyil”

-Gürcü yepiskop Marnelulidə türk kəndlərin adının dəyişdirilməsini təklif edib. Buna münasibətiniz necədir? Bu mürtəce ideyanın qarşısını almaq üçün nə etməliyik?

- Ona ilk müraciətim belə olmuşdu ki, din xadimi öz vəzifəsini icra etməlidir, bu cür məsələlərə qızışdırıcı mövqedən yanaşmamalıdır. Onun insanların milli heysiyyatına toxunması doğru deyildi. O, öz ofisində azərbaycanlı fəalları qəbul etmişdi. Qəribədir ki, o, görüşdən sonra bildirdi ki, azərbaycanlılar onun Nərimanov haqqında mövqeyi ilə razıdır. Mən o zaman Gürcüstan patriarxına müraciət edərək bildirdim ki, o yepiskop doğru danışmır, dini məsələ ilə deyil, siyasi məsələ ilə məşğul olur. Bildirdim ki, onun mövqeyi təxribatçı üçüncü qüvvələrə şərait yaradacaq. Gürcü və Azərbaycan xaqlarına müraciət edərək bildirdik ki, təxribatçı çıxışlara inanmasınlar. Bildirdim ki, sosial şəbəkələrdə təxribatçı, qızışdırıcı müzakirərə qoşulmasınlar. Lakin o yazıları saxlayaq, zaman gələndə qanunla, məhkəmə ilə etiraz edərik. Gürcüstan dövlətinə müraciətimdə məsələni diqqətdə saxlamağı xahiş etdim. Çünki bundan öncə “koronavirusu azərbaycanlılar yayır” kimi yanlış fikirlər yazırdılar. Azərbaycanlıları bu cür fikirlərlə təhqir edirdilər. Yepiskopun kənd adlarının dəyişdirilməsi ilə bağlı təklifinə də etiraz etdik. Bildirdik ki, yepiskop bununla regionda sabitliyi pozmaq istəyən qüvvələrə imkan yaradır. “Facebook”da status yazdım ki, Türkiyənin Rusiyadan qaz asılıığı azalıb. Rusiyameylli qüvvələr Türkiyənin və Azərbaycanın regional gücə çevrilməsini istəmirlər. Bu baxımdan təxribat etmək istəyirlər. Bunun da hədəfi Türkiyə, qurbanı Borçalı türkləri olacaq. Qeyd etdim ki, nəticədə Azərbaycan-Gürcüstan dostluğu zərbə görəcək. Çox təəssüf ki, bu analizlərə səthi yanaşıldı. Maraqlıdır ki, xüsusi xidmət orqanlarına çağırılan fəalların çoxu çağırış etməyiblər. Sadəcə baş verənlərin zərərli proses olduğunu bildiriblər. əgər kimsə kimisə əcdadına, milli dəyərlərinə söyürsə, buna mütləq reaksiya olacaq.

“Bir-iki saytın ümidinə qalmış kütləyə çevrilmişik”

- Azərbaycanlılara qarşı proseslər nə ilə nəticələnə bilər? Növbəti köç dalğası yarana bilərmi?
- Azərbaycan dövlətinə, yetkililərinə 2 məsələni xatrılatmaq istəyirəm. Gürcüstanda baş verən proseslərə operativ reaksiya olmalıdır. Son dövrlər bu çeviklik sanki azalıb. Gürcüstanda 20-yə yaxın Azərbaycandilli qəzet, jurnal çıxırdı. Jurnalistlər, QHT sədrləri, teatr xadimləri vardı. Müəyyən ziyalı təbəqəsi yaranmışdı. Lakin bu gün Gürcüstanda nə bir qəzet, nə jurnal çıxır. Tək-tük saytların ümidinə qalmış kütləyə çevrilmişik. Halbuki bizim redaksiyalarımız, yazarlarımız, publisistlərimiz, redaktorlarımız, teatr xadimlərimiz, aktyorlarımız, ansamblımız, musiqiçilərimiz,
rəssamlarımız olmalı idi. Bu formalaşma təəssüf ki, yarımçıq qaldı. Bunun da səbəbi Azərbaycan Diaspora üzrə Dövlət Komitəsinin fəaliyyətidir. Nazim İbrahimovdan heç vaxt razı qalmamışdım. Amma bu gün onun atasına rəhmət oxumaq lazımdır. Çox yanlış siyasət aparılır. Gürcüstanda azərbaycançılığın silinməsi prosesi ilə üzbəüz qalmışıq. Hər oz qrupunu yaradırsa, görülən “iş” də ortadadırsa, başqa deməyə söz yoxdu.

“Azərbaycanlıların milli mənafeyinə qarşı kim çıxacaqsa, biz o qüvvənin qrşısında olacağıq”

-Gürcüstan parlamentində azərbaycanlı deputatlarına müraciət edəcəksiniz?

- Məsələ ilə bağlı hakimiyyət partiyasından olan deputat Mahir Dərziyev və müxalifətdən olan Azər Süleymanlı münasibətini açıqlayıb. Onlar Nərimanova qarşı hücumları pisləyiblər. Biz Aərbaycan milli dəyərlərinin, Gürcüstan dövlətçiliyinin yanındayıq. Qarşımızda kim olacaqsa sözümüzü deyəcəyik. Gürcüstan dövlətinə, onun ərazi bütövlüyünə, gürcü və Azərbaycan xalqının dostluğuna, Gürcüstanda yaşayan azərbaycanlıların milli mənafeyinə qarşı kim çıxacaqsa, biz o qüvvənin qarşısında olacağıq.

-Azərbaycanın dövlət qurumlarından və Bakıda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlardan gözləntiniz nədir?

- Tarix dövrün kontekstində müzakirə olunmalıdır. Bu gün Nərimanova “bolşevik lideri” kimi yanaşma düzgün deyil. Nərimanov da, Məhəmməd Əmin Rəsulzadə də, Əlimərdan bəy Topçubaşov da, Heydər Əliyev də Azərbaycanın böyük tarixi şəxsiyyətləridir. Hərəsinin tarixdə öz yeri, xalq qarşısında xidmətləri var. Onlara sayğını qoruyub saxlamaq hər kəsin borcudur. Nərimanov qədər cəsarətli olub oğlunu müharibəyə göndərə bilməyənlər tarixi şəxsiyyətlərlə bağlı hədyanlar danışır. Azərbaycan səfiri hələ münasibətini bildirməyib. Amma bildirməlidir. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqana minnətdarlığımı bildirirəm ki, həqiqətin yanında durmaq cəsarətini özündə tapıb.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 7-06-2020, 18:20