mobil versiya

Yəhudi fenomeni




Bunu bir neçə il əvvəl yazmışdım.

HAROP-u yaratmış yəhudi alimlərinə və haqq savaşımızda Azərbaycanın yanında olan bütün yəhudilərə sevgimin ifadəsi kimi indi təkrar paylaşıram.

Belə bir söz var, deyir, XX əsrin mənzərəsini 3 yəhudi müəyyənləşdirib: Marksdı, Freyddi, bir də Eynşteyndi. İndi isə Sizə kimdən deyim, kimdən danışım – Steven Silbiger adlı müəllifdən.

Deyəsən, o da yəhudidir. Çünki ən gözəl kitablarından birini bu xalq haqqında yazıb. Adını da qoyub: “Yəhudi fenomeni: əbədi xəzinəyə 7 açar”.”

Yazdıqlarından bir az paylaşım, bu xalq niyə belə qabiliyyətlidir, anlayaq. Kitab hələ təkcə Amerikaya aid faktlarla kifayətlənir. Təsəvvür edin, Forbes-in siyahısına düşmüş Amerika zənginlərinin 40 faizi yəhidilərdir. Hər 3 nəfər Amerika multimilyarderinin 1-i yəhudidir. ABŞ-ın ən reytinqli universitetlərindəki professorların 20 faizi bu xalqın təmsilçiləridir. Amerikanın elmdə qazandığı Nobel mükafatlarının 30 faizini bu ölkəyə yəhudi alimləri gətirib. Bu, Amerikadakı Nobel laureatlarının 25 faizi deməkdir.

Bunu xalqın qeyri-adi qabiliyyətləri ilə, ya da dünyanı idarə edən sirrli mərkəzlər haqqında söhbətlərlə əsaslandıraqmı?! Əsla.

Allah bütün xalqları eyni imkanda yaradıb. Di gəl, hər xalq öz sosial mühitini yaratmaqdan ötrü bu imkandan fərqli səviyyədə istifadə edir. Yəhudilər hələ əsrlər əvvəldən öz çevrələrində bilik mühiti formalaşdıra biliblər. Bu mühit uşağı repetitor yanına göndərməklə alınmır. Əgər uşağın atası, anası, nənəsi, babası, qohum-əqrəbası evdə əlinə kitab, jurnal, qəzet almırsa, ətrafındakı həmyaşıdları da onun qədər bilik acı deyilsə, o uşaq olsun ki, ali məktəbə qəbul vaxtı ən yüksək balı toplayacaq. Universitetdə də böyük uğurlar qazanacaq. Amma heç vaxt Nobel mükafatı ala bilməyəcək. “Siz heç dərsini pis oxuyan yəhudi uşağı görmüsünüzmü? Mən görməmişəm” Bu sual-cavabı Çingiz Abdullayev detektivlərinin birində yazmışdı.

Gizli mərkəzə gəlincə, bu, həqiqətən var. Mən onun yerini bilirəm. İstəsəniz sizə də deyərəm. Bu, mərkəz insanın başının içidir. Biri onu biliklərlə doldurur, başqası boş nağara kimi saxlayır.


Anlayacağımız, məsələ yəhudilərin fitri qabiliyyətində deyil. Başının qapısını əsrlər əvvəldən biliklərə açıq elan edən, təhsilə, öyrənməyə can atan, müxtəlif sahələrdə zehni əməklə məşğul olan yəhudilərin sayının başqa xalqların təmsilçiləri ilə müqayisədə həddən ziyadə çox olmasındadır.
Orta əsrlərdə Avropa ölkələrində fizika ilə məşğul olan alimlərin 50-60 faizi yəhudilər idi.

İndi bu qədər adamın arasından Eynşteyn çıxmazmı?!

Bəs nədir Steven Silbigerin yazdığı o 7 açar?! Tələsməyin, yazıram.

1. Real sərvətin daşınan olduğunu anla: bu, bilikdir.
2. Öz soydaşlarına qayğı göstər ki, onlar da sənə qayğı göstərsinlər.
3. Uğurlu adamlar peşəkar və öz işlərinin sahibidirlər.
4. Özünə başqalarında inam yarat.
5. Seçəndə israfçı, alanda tədbirli ol.
6. Fərdlərinlə qürur duy: yaradıcı insanlarını ruhlandır.
7. İrəli sürdüyün fikirləri sübuta yetirməyə psixoloji baxımdan hazır ol.

İnşallah, haqq savaşımız tezliklə Qələbəmizlə başa çatsın. Ondan sonra bu açarlar da milli həmrəyliyimizi daim qorumaq, böyük gələcəyə qapı açmaq üçün əlimizdə HAROP qədər güclü silah olmalı.

SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 27-10-2020, 09:50