mobil versiya

Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında Ermənistanın yalanlarından danışıb


“1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törətmiş, nəticədə on minlərlə dinc sakin həlak olmuş, kütləvi etnik təmizləmə aparılmış, yaşayış məntəqələri dağıdılmış və mədəniyyət məhv edilmişdir. Bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir. Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağırılan Təşkilatın Təhlükəsizlik Şurasının “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.
Səfir bildirib ki, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb: "Ermənistanın hücumlar zamanı mülki obyektləri, o cümlədən evləri, məktəbləri və xəstəxanaları hədəf alması, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə qarşı ağır partlayıcı silahlardan və kaset bombalarından istifadə etməsi, dağıntıların miqyasının genişlənməsi üçün qəstən törədildiyini və onların əsil niyyətini ortaya qoyur.
Azərbaycanın əsas su anbarının və elektrik stansiyasının yerləşdiyi Mingəçevir 2020-ci ilin payızında keçirilən hərbi əməliyyatlar zamanı dəfələrlə raket hücumlarına məruz qalıb. Əgər raketlər obyektləri vura bilsəydi, bu, 240 kilometrdən çox dağıdıcı daşqınlara səbəb olacaq, əhalini içməli su və elektrik enerjisindən məhrum edəcəkdi", - daimi nümayəndə vurğulayıb.
Y.Əliyev çıxışında bildirib ki, Ermənistan Azərbaycana təcavüzü zamanı ölkəmizin ətraf mühitinə uzunmüddətli və ciddi ziyan vurmuş, geniş meşələrin qırılması, torpaqların deqradasiyası ilə, su infrastrukturlarının talan edilməsi və dağıdılması isə su ehtiyatlarının çirklənməsi ilə nəticələnmişdir: "Xüsusilə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindəki Sərsəng su anbarının, bəndin və suvarma kanalının baxımsızlığı və düzgün idarə edilməməsi humanitar böhrana səbəb olub. Belə ki, çayın aşağı hissəsində yaşayan 400 min azərbaycanlı həm məişət, həm də kənd təsərrüfatı ehtiyacları üçün sudan məhrum olunub, eləcə də torpaq eroziyası, susuzlaşma və səhralaşma kimi ciddi ekoloji problemlər yaranıb. Ermənistandan Azərbaycana axan transsərhəd çayların çirklənməsinin davam etməsi ilə bu mənfi təsirlər bu günə qədər davam edir".
Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında dəqiq və dolğun məlumatıları bölüşməkdən imtina etdiyini və bu minaların mülki əhalini öldürməkdə və şikəst etməkdə davam etdiyini deyib.
Daimi nümayəndə əlavə edib ki, Avropa Şurası Parlament Assambleyası 26 yanvar 2016-cı il tarixli qətnaməsində Ermənistanın hərəkətlərini Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, bu ilin əvvəlində Azərbaycan Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Ərazilərinin Mühafizəsi üzrə Bern Konvensiyasına uyğun olaraq, ölkəmizin ətraf mühitini və biomüxtəlifliyini geniş şəkildə məhv etdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün dövlətlərarası arbitraja başlayıb.
Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib: "Həmin bəyanatda Laçın-Xankəndi yolunun qondarma "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətinə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.
Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.



KARUSEL / SİYASƏT
Tarix: 24-05-2023, 09:12