Naxçıvana gedənlər üçün sərhədkeçmə asanlaşdı

Artıq gömrük-keçid məntəqələrində Bakı şəhərindən İran ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.
Bu barədə Lent.az -a Dövlət Kömrük Komitəsindən məlumat verilib.
Sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, bundan sonra Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.
Bu məqsədlə Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi pilot layihə çərçivəsində, Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib.
Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.
Son bir il ərzində İran gömrük xidmətinin sədri ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürüb. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti İranın müvafiq qurumları qarşısında məsələ qaldırıb.
Aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu il iyunun 13-də Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.
Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İran gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.
Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədiləNaxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.
Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.

HADİSƏ / ÖLKƏ
Baxılıb: 30 Tarix: 20-08-2019, 17:07
Şərh bildir
yenilə, əgər kod görünmürsə