Xroniki böyrək xəstəliyi: Qlobal səhiyyə böhranı

Vaşinqton Universiteti, Qlazqo Universiteti və Nyu-Yorkdakı Langone Tibb Mərkəzinin tədqiqatçıları böyrək çatışmazlığından əziyyət çəkən insanların sayının 1999-cu ildən bəri ikiqat artaraq 378 milyondan təxminən 788 milyona çatdığını aşkar ediblər.
Britaniya tibb jurnalı The Lancet-də dərc olunan araşdırma göstərir ki, bu məlumatlar dünya üzrə hər yeddi yetkindən birinin xroniki böyrək problemlərindən əziyyət çəkdiyini göstərir və bu da xroniki böyrək xəstəliyinin qlobal səhiyyə böhranına və dünyada ölümün doqquzuncu əsas səbəbinə çevrildiyini əks etdirir.
Tədqiqatçılar öz nəticələrini 204 ölkədə sağlamlıq tendensiyalarını izləyən Qlobal Xəstəlik Yükü tədqiqatının məlumatlarına əsaslayıblar. Tədqiqat 1990-2023-cü illər arasında 20 və daha yuxarı yaşda olan yetkinlərə yönəlib.
Tədqiqatda bildirilir ki, təkcə 2023-cü ildə böyrək xəstəliyi ilə bağlı 1,5 milyon ölüm hadisəsi baş verib ki, bu da əvvəlki 30 illə müqayisədə 6% artım deməkdir.
NYU Langone tibb tədqiqat mərkəzindən Dr. Jozef Korş vurğuladı ki, tədqiqat böyrək xəstəliklərinin getdikcə daha çox yayıldığını və ölümcül hala gəldiyini və ciddi ictimai səhiyyə probleminə çevrilmək nöqtəsinə qədər pisləşdiyini göstərir.
Böyrək funksiyasının pozulması bədənin zəhərli tullantıları xaric etmək qabiliyyətinə təsir göstərir. Bu sağlamlıq problemi çox vaxt inkişaf etmiş mərhələlərə çatana qədər simptomsuz qalır və bu zaman xəstəyə dializ və ya böyrək nəqli lazım ola bilər.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 14:39


























