mobil versiya

Milli Muğam Müsabiqəsində birinci turun xanəndəlik kateqoriyası üzrə seçimləri davam edir


Aprelin 25-də Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin birinci seçim turlarının növbəti mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, instrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında xanəndəlik kateqoriyası üzrə dinləmələrə başlanılıb.
Səhnəyə dəvət olunan müsabiqə iştirakçıları - Elnarə Bəykişiyeva, Rəqsanə Əsədova, Şamo Nəbiyev, Zümrüd Məmmədova, Əfsanə Qurbanova, Lalə Hüseynova, Mirəli Sarızadə, İsmayıl Talıbxanzadə, Rauf Cəfərov və Nurlan Səfərovun ifaları dinlənilib. Ümumilikdə ifaçılara 3 saat vaxt ayrılıb.
Gənc muğam ifaçılarını münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasov qiymətləndiriblər.
Turun ikinci günündə 8-i instrumental ifaçılıq, 10 –u isə xanəndəlik üzrə olmaqla 18 ifaçı səhnəyə çıxıb. Müsabiqənin ilk gündə isə 9-u instrumental, 10 –u isə xanəndəlik üzrə olmaqla 19 iştirakçı dinlənilib.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə üzrə keçirilən Milli Muğam müsabiqəsində birinci tura bu gün yekun vurulacaq. Müsabiqənin ikinci turu isə aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışır. Aprelin 30-da müsabiqənin yekun konserti olacaq. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-04-2023, 18:26