mobil versiya

Bəzi tövsiyələr yuxusuzluğu artıra bilər



Yaxşı yuxu sağlamlıq üçün vacibdir. Bu, ürək-damar sistemini və beynin fəaliyyətini gücləndirir. Ona görə də insanların əksətiyyəti yuxusunu yaxşılaşdırmaq üçün “yuxu gigiyenası” qaydalarına əməl etməyə çalışır. Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, tövsiyə olunan bəzi məsləhətlər yuxusuzluğu daha da artıra bilər.

www.sciencealert.com saytı xəbər verir ki, yuxu terapevtlərinin sözlərinə görə, ən çox rast gəlinən beş səhv bunlardır:
Yataqda daha çox vaxt keçirmək. Belə ki, yuxu gəlmədikdə tez yatmaq və ya səhər gec qalxmaq cəhdləri vəziyyəti ağırlaşdırır. Bu, beynin “yataq - yuxu” əlaqəsini pozur. Bu səbəbdən yataqda vaxtı məhdudlaşdırmaq və hər gün eyni vaxtda oyanmaq faydalıdır.
Ekranlardan tam imtina etmək. Araşdırmalara görə, mavi işıq melatonini azalda bilər. Amma ekranı tamamilə qadağan etmək də çıxış yolu deyil. Çünki qaranlıqda fikirlər daha çox artır və yuxusuzluğu gücləndirir. Ən yaxşısı sakitliyi seçmək və “gecə rejimi”ndən istifadə etməkdir.
Kofeini tam kəsmək. Hamının orqanizmi kofeini eyni sürətlə parçalamır. Bəzi insanlar üçün səhər qəhvəsi gün ərzində ritmi sabitləşdirir. Ona görə də qəhvəni günün gec saatlarında içməmək kifayətdir.
Yuxunu “mükəmməlləşdirməyə” çalışmaq. Yuxunu izləyən cihazlar, xüsusi yataq dəstləri və “yuxu spreyləri” insanı daha da narahat edə bilər. Nəticədə “ortosomniya” deyilən vəziyyət yaranır. Yuxu orqanizmin təbii funksiyasıdır, onu məcbur etmək mümkün deyil.
Hər gecə eyni qədər yatmağa çalışmaq. Yuxu həyat tərzindən və şəraitdən asılı olaraq dəyişir. Hər gecə eyni nəticə gözləmək, sadəcə, əsassız təzyiq yaradır.
Mütəxəssislər bildirirlər ki, yuxusuzluq insanın günahı deyil və “sadəcə rahatla” məsləhəti problemin həll yolu deyil. Elmi sübuta əsaslanan üsullar mövcuddur. Məsələn, Koqnitiv Davranış Terapiyası (CBT-I) və yeni dərmanlar bu sahədə təsirli hesab olunur. Yuxusuzluq geniş yayılmış problemdir, amma müalicə mümkündür. Əsas odur ki, insanlar səhv məsləhətlərə inanmasınlar. (azərtac)


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:21