mobil versiya

Çin hakimiyyəti ABŞ-ı Tayvan məsələsində qırmızı xətti keçməməyə çağırıb



Çin hakimiyyəti Vaşinqtonun Tayvan siyasətini qəbuledilməz hesab edir və Birləşmiş Ştatları bu məsələdə qırmızı xətti keçməməyə çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR xarici işlər naziri Tsin Qan ABŞ-ın Çindəki səfiri Nikolas Bernslə görüşündə deyib.
“ABŞ Çinlə münasibətlərdə qırmızı xətti nəzərə almalı, ölkəmizin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarına hörmət etməlidir. Burada ilk növbədə Tayvan problemindən söhbət gedir”, - Tsin Qan belə deyib.
Onun sözlərinə görə, Pekin bir tərəfdən dialoqun dəstəkləndiyi, digər tərəfdən isə Çinə qarşı təzyiqin göstərildiyi siyasətlə barışmaq niyyətində deyil. “Vaşinqton “vahid Çin” prinsipinə hörmət etməli, Tayvanın müstəqilliyini tələb edən separatçı elementləri dəstəkləməməli və onlara yardım etməməlidir”, - deyə nazir əlavə edib.
Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan bəri ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Rəsmi Pekin isə hesab edir ki, Tayvan ÇXR-in əyalətlərindən biridir.


KARUSEL / DÜNYA
Tarix: 8-05-2023, 12:46