mobil versiya

Vaşinqtonda “Kəlağayı – Azərbaycanın ipək qəlbi” sərgisi keçirilib



Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə Vaşinqtonda Amerika Universitetinin Katzen İncəsənət Mərkəzində kəlağayı sənətinə həsr olunmuş tədbir təşkil olunub

Tədbir Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub. 
“Kəlağayı – Azərbaycanın ipək qəlbi” sərgisində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş XVIII–XX əsrlərə aid tarixi, həmçinin müasir kəlağayılar, onların hazırlanmasında istifadə olunan naxışlı qəliblər, xam ipək materiallar və saplar sərgilənib. Proqram çərçivəsində həmçinin kəlağayı sənətinə dair xüsusi videoçarx nümayiş olunub, bu mövzuya həsr edilmiş nəşrin təqdimatı keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, müstəqilliyimiz ilk illərində ölkəmiz haqqında dünyada çox az adamın məlumatı var idi. Bu gün isə Azərbaycan bir sıra qlobal proseslərin mərkəzində yer alır. Səfir Azərbaycanın müstəqilliyi, kəlağayı sənəti və digər milli sərvətləri arasında mövcud olan qarşılıqlı bağlılığı da xüsusi vurğulayıb.


Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova 2014-cü ildə kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsi siyahısına daxil edildiyini bildirib. O, kəlağayının yalnız qadın geyimi və ya tətbiqi sənət nümunəsi deyil, xalqımızın dərin fəlsəfəsini, milli yaddaşını və nəsildən-nəslə ötürülən mədəni irsini təcəssüm etdirdiyini deyib. Ə.Məlikova həmçinin Xalça Muzeyinin kolleksiyasının ilk dəfə Vaşinqtonda sərgiləndiyini diqqətə çatdırıb.
Amerikalı alim Pol Teylor kəlağayının Azərbaycan milli kimliyi üçün mühüm əhəmiyyət daşıdığını söyləyib. O, bu sənət nümunəsindəki simvolların və motivlərin müasir sənətdə müxtəlif formalarda araşdırıldığını, lakin ingilisdilli dünyada kəlağayı haqqında kifayət qədər məlumat olmadığını qeyd edib. Bu səbəbdən “Halı” jurnalında kəlağayı sənəti haqqında məqalə yazdığını vurğulayıb.
Bədii hissədə isə Azərbaycanın əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın solo konserti təqdim olunub.





Reportyor.az


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:16