"Fitch": Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir

"Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir".
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, ölkədə ev təsərrüfatlarına verilən ipoteka kreditlərinin təxminən 80%-i İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə həyata keçirilir. Fond aşağı faizli maliyyə resurslarını bazara yönəltməklə mənzillərin əlçatanlığını artırır və dövlətin milli mənzil siyasətinin əsas icraçısı kimi çıxış edir.
"Fond kommersiya məqsədi daşımayan, lakin aşağı maliyyətli maliyyə resursları ilə dəstəklənən gəlirli dövlət qurumudur. 2024-cü ildə mənfəəti 23,2 milyon manat olub və əvvəlki illə müqayisədə dəyişməyib. Kredit portfelinin tədrici genişlənməsi hesabına faiz gəlirlərinin artması əmək xərclərinin yüksəlməsi ilə kompensasiya olunub. Aktivlərin keyfiyyəti güclü olaraq qalır – problemli kreditlərin payı ipoteka və kirayə mənzil mexanizmi portfelinin 0,1%-dən azdır"- reytinq agentliyinin açıqlamasında vurğulanıb.
Xatırladaq ki, "Fitch Ratings" İKZF-nin uzunmüddətli xarici və yerli valyutada olan reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Stabil” olaraq saxlayıb. (apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:45


























