mobil versiya

“Sabiq nazir Hüseynqulu Bağırov 265 mini istəyəndə faizə götürdük”- ŞOK DETALLAR (ÖZƏL)



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılır.

REPORTYOR.AZ xəbər verir ki, mənimsəmədə təqsirləndirlən şəxslər Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir.

Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınıb.
Məhkəmə iclasının davamında İlqar Hacıyev vəkillərin suallarını cavablandırıb. Deyib ki, ştatdan kənar olan 63 işçinin kartına pul köçürülməsindən xəbərdar olub.

Onun sözlərinə görə kartlardan pulu əsasən özünün sürücüsü və Əkbər Həsənovun sürücüsü çıxarıb.

İlqar Hacıyev əlavə məbləğlərin kartlara köçürərərk nağdlaşdırmağın hansı zərurətdən olduğunu belə izah edib: “Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. 2-3 ağacın yerini oyan-buyan edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki. Məcbur olub bu işi görmüşük”.

Suallara cavab verən İqlar Hacıyev bir daha əlavə xərclərin nədən ibarət olduğunu danışıb. Bildirib ki, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manata, kombi sisteminin quraşdırılması üçün 20 min manata, telekomunikasiya xətlərinin yenilənməsi üçün 7 min manata, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manata, departamentin balansında olan binanın şüşə üzlüyünü yuyulması üçün 25 min manata yaxın vəsati xərclənib.

İlqar Hacıyev öz vəkili Ramin Məmmədzadənin suallarını cavablandıran zaman bir daha təkrar edib ki, sabiq nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin məbləği Vüqar adlı şəxsdən faizə alıblar.

Bu suala Əkbər Həsənov da cavab verib və deyib ki, nə Hüseynqulu Bağırov ondan pul alıb, nə də ki, Vüqar adlı şəxsi tanıyır.
İlqar Hacıyev Vüqar adlı şəxsi digər işçilərin tanıdığını da söyləyib.


Vəkilin İlqar Hacıyevə növbəti sualı Hüseynqulu Bağırovla bağlı mətbuata müraciətin hazırlanmsı ilə bağlı olub.

Müdafiəçinin sözlərindən məlum olub ki, təqsirləndirilən şəxslər barəsində cinayət işi açılanda onlar bu işdə Hüseynqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər. Lakin sonradan Hüseynqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını alıblar.

İlqar Hacıyev bunu təsdiqləyib və deyib ki, həmin mmüracit onda hələ də qalır. Əkbər Həsənov bunu da təkzib edib və İlqar Hacıyevin düz danışmadığını deyib.

Əkbər Həsənov məhkəməyə bildirib ki, bu işdə Hüseynqulu Bağırovun adının hallandırılması doğru deyil. Onun sözlərinə görə sabiq nazir bu məsələlərdən xəbərsiz olub. Həsənov əlavə edib ki, onun sürücüsü heç vaxt kartlardan pul çıxarmayıb: “İstintaqda bizə də göstərdilər. Pul çıxaranların hamısı bankomatların kamerasına düşüb. Amma mənim sürücüm yoxdur”.

Sözlərinə davam edən Əkbər Həsənov İlqar Hacıyevə sual verib ki, Nərimanov xəzinədarlığından bu qədər karta pul köçməsi necə mümkün olub?


İlqar Hacıyev suala belə cavab verib: “Həmişə necə keçirdisə, elə. O biri kartlara necə keçirdisə, elə”.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Orxan Qasımov ifadə verib. O deyib ki, özünü təqsirli bilmir. Çünki işlədiyi müddətdə ona verilən tapşırıqları icra edib.

Orxan Qasımov istintaqda fərqli ifadə verməsini, dövlətə vurulmuş ziyanın bir hissəsini ödyəcəyi ilə bağlı söz verməsini belə izah edib:
“İstəmirdim ki, İlqar müəlim üçün daha da çox problem yaransın. Buna görə də belə ifadə verdim ki, ona kömək edim. Yəni, karltardan dördü məndə olmayıb. Mən sadəcə işçilərin maaşını hesablamışam. Həmin kartlardan pulu çıxaranda İlqar müəllimə vermişəm”.

İlqar Hacıyev Orxan Qasımovun ifadəsinin bu hissəsini təsdiqləyib və bildirib ki, Orxanın ona verdiyi pulları da Əkbər Həsənova çatdırıb.

Orxan Qasımov suallara cavabında bildirib ki, müqaviləsiz işçilərdən xəbəri olmayıb: “Mən sadəcə şəxsiyyət vəsiqələri əsasında sənədləri banka göndərib kart açılmasını həyata keçirirdim”.

Qasımov keçmiş iş yoldaşı, indi təqsirləndirilən şəxs olan Təbrizin kartlardan pul çıxarması üçün aylıq cüzi məbləğ verilməsi ilə bağlı istintaqda dediyini təsdiqləməyib. Deyib ki, müstəntiq onun adından yazıb.

O bildirib ki, digər işçilərin kartlardan pul çıxarıb, gətirib İlqar Hacıyevə və Əkbər Həsənova verməsindən xəbərim olmayıb.

Orxan istintaqda vəkilinin olmadığını, vəkilsiz dindirildiyini deyib.

Məhkəmədə Orxan Qasımovun ifadəsi elan edilib.

İfadəsində yazılır ki, o etiraf edir ki, deapartamentə aidiyyatı olmayan şəxslərin adına kartlar açaraq pulları oraya köçürərək mənimsəyiblər.
İstintaqdakı ifadəsində Orxan deyib ki, İlqar hacıyev və Əkbər Hacıyevin rəhbərliyi altında 451 min manat vəsait mənimsənilib. Orxan həmin ifadəsində göstərib ki, kartlardan çıxarılan pullar İlqar Hacıyevə verilib. Pullar Əkbər Həsənov və İlqar hacıyevin arasında bölünüb və şəxsi məqsədləri üçün istifadə edilib.

Orxan məhəkəmədə deyib ki, ifadəsdininin 50 faizini təsdiqləmir. Bildirib ki, iş yoldaşları Tural və Təbrizin kartlardan pul çıxarması, onlara müəyyən məbləğdə pul verilməsini, saxta sənədlər hazırlanması ilə bağlı deyilənləri təsdiqləmir.

O, işçilərin çoxu ilə əmək müqaviləsinin bağlanıb-bağlanmamasından xəbərsiz olduğunu deyib. Bildirib ki, o şəxsiyyət vəsiqələri əsasında banklarda kartların hazırlanmasını həyata keçirib.

Orxan müqaviləsi olan işçilərin adına iki kart açılmasından da xəbərsiz olduğunu deyib.

Suallara cavab zamanı məlum olub ki, Orxanın həyat yoldaşı Səbinə Qasımova da orada işləyib. Onun adına 10 min 600 manat pul köçürülüb.
Orxan deyib ki, yoldşının adına köçürülən pul maddi yardım olub.

O da məlum olub ki, 11 min manat da Orxanın özünə maddi yardım yazılıb.

Orxan təsdiqləyib ki, nazirlikdə bir çox şəxslər maddi yardım alıb. Hətta 20 min manat yardım alan da olub.

Suallara cavab zamanı Orxan Qasımovun dediklərində xeyli ziddiyyətlər yaranıb. O, istintaqda boş vərəqə imza atdığını deyib və yazılan ifadədən xəbərsiz olduğunu söyləyib.

Əkbər Həsənov isə bildirib ki, Orxan İlqar Hacıyevin əlavə kartlar açmasından xəbərdar olub, amma bunları dilə gətirmir.

Əkbər Həsənov Orxanın istintaqdakı ifadəsi ilə razı olduğunu deyib. Lakin sonradan sözünə düzəliş edib və bildirib ki, həmin ifadədə də yanlışlıq var: “Mənə aid olan hissələr düzgün deyil. Mən ona heç bir göstəriş verməmişəm”.

İlqar Hacıyev isə çıxışında deyib: “Hər kəs bilir ki, direkrotun razılığı olmadan bu işlər görülə bilməz. Hüseynqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?

Hakim deyib ki, hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır: “Hüseynqulu Bağırovdan şikayətiniz varsa müvaqfiq qurumlara müraciət edə bilərsiz”.

Məhkəmə araşdırması davam edir.

Turqut Məmməd,
Reportyor.az

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 27-08-2020, 13:17