mobil versiya

ABŞ-dakı iğtişaşların Bakıdakı marketlərə hücumla nə əlaqəsi var?




Son 3 ayda “koronavirus yoxdur, hamısı oyundur” deyib, hər yerdə qarşımıza çıxaraq canımızı boğazımıza yığanların özlərinin də artıq bu “oyunda” olduqlarının fərqinə varmaları lazım. 26 mayda ABŞ-ın Minnesota ştatında qaradərili Corc Floydun talesiz ölümü ilə başlayan iğtişaşlar mağazalarda çapovulçuların hər şeyi dağıdıb talaması ilə hələ də davam edir. Okeanın bəri tərəfində-Bakıda 48 saatlıq karantinə görə az qala bütün şəhərin marketlərində baş verən acınacaqlı “soyğunun” ABŞ-dakı iğtişaşlarla birbaşa bağlılığı yoxdur.

Amma ipləri bir-birinə bağlamağa cəhd etsək, görəcəyik ki, koronavirusun dəyişdiyi dünyada hamını əvvəl evlərinə yığmağa hökm edən qüvvə (əgər Yer kürəsində belə bir qüvvə varsa), bu dəfə isə hamını küçələrə tökməyin yolundadır.



Məlum, iqtisadi krizis gözləniləndir. Sosial problemlərdən doğan gərginliklər hələ bir çox ölkələrdə yuxarıya doğru dırmaşacaq. Amma ilk partlayışın amerikalı polisin dizlərinin altında baş vermiş ölümlə başlaması və ondan sonra baş verənlər dünyanın daha qəddarlığa doğru dəyişməsi ilə diqqət çəkdi.

Koronavirus bəlası irqçiliyin yanında heç nədir! Dünya bu bəladan “İspan qripi”ndən də, vəbadan on dəfə daha çox itki verib. Faşist Almaniyasının dünya ilə müharibəsinin kökü irqçilik idi. “Ali irq” ağların bütün ağlar üzərində hakimiyyəti! Bundan maska ilə qorunmaq artıq mümkün deyil. Gərək mümkünsüz olanı-dərini dəyişəsən, ya da dərini soysunlar... Yeri gəlmişkən, yaxşı tanıdığınız İmadəddin Nəsimi də irqçiliyin qurbanıdır, onun həyat fəlsəfəsində İNSAN ən böyük varlıq idi. Ona görə dərisini soydular...



         
Tunisli tələbə Məhəmmədi kim xatırlayır? Yaddaşınızı təzələyirəm: 2010-cu ilin dekabr ayında Tunisdə gənc tələbə Məhəmməd sosial problemlər və onun səyyar meyvə-tərəvəz satmasına yerli polislərin imkan verməməsinə etiraz olaraq özünü yandırmışdı. Ətrafdakılar onu söndürməklə yanaşı kameraya çəkib sosial şəbəkələrdə də paylaşmışdılar. Video sosial şəbəkələrdə sürətlə yayıldı və kütləvi etirazlara start verildi. Növbəti gün isə məhəllə aksiyaları Tunisdə kütləvi xalq aksiyalarına çevrildi. Bir ay sonra-2011-ci ildə tarixə “Ərəb baharı” kimi düşəcək hadisələr baş verdi, ciddi hakimiyyət dəyişiklikləri, qan-qadalar oldu. Hələ də Suriya adlı o yara qan verir, Liviya onun günündə və sairə...



Minnesota ştatında qaradərili Corc Floyd “nəfəs ala bilmirəm” deyəndən sonra ölməsiydi belə, ABŞ belə görünürdü ki,  qarışacaqdı. Hər şey ona doğru gedirdi:  Tramp hakimiyyətinin də fəaliyyətsizliyi ucbatından uzaq Asiyadan bir virusun “uçub gəlib” 100 mindən çox amerikalının canını alması, birdən-birə artan işsizlik ABŞ-ın bu dəfə hamıdan əvvəl yeni bir dalğaya tuş gələcəyinə işarə idi. Rusiyalı təhlilçilər buna Maydan deyirlər artıq...

ABŞ  belə aksiyalarla sarsılacaq, yıxılacaq ölkə deyil. Fərz edək ki, Floyd ağdərili, onu boğan polis isə qaradərili olaydı...O zaman nə olardı? Heç nə. Adi bir talesizlik hadisəsi: polisə cinayət işi açacaqdılar və məsələ bitəcəkdi. Amma indi baş verənlərin zavallı Floydun ölümü və onun yetim qalmış qızının gələcək taleyi ilə heç bir əlaqəsi yoxdur. Necə ki, Məhəmmədin 10 il əvvəlki özünə qəsdi də heç vətəni Tunisədə 40 illik diktatorun devrilməsindən sonra da gözlənilən demokratiya və ədalət gətirmədi...



Koronavirusun yayıldığı Çinin bu bəladan əvvəl hansı problemlə üzləşməsini yenə yada salaq: Xüsusi inzibati ərazi olan Honq Konq bir neçə ay idi ki, etirazlarla çalxalanırdı. Çindən gələn bir qanun düzəlişinə etiraz olaraq (sonradan Honq Konq məclisi onu geri götürsə də, aksiyalar dayanmadı) küçələrə çıxanlar artıq Pekindən tam ayrılmaq tələbini qoymuşdular. Çin nə işdirsə, dünyanı COVİD-19 deyilən bəlaya saldı, vaxt qazadı, virusa “qalib gələn” kimi isə bir neçə min üzvü olan qərarverici məclisini topladı və ABŞ-ın müstəqilliyini dəstəklədiyi Honq Konq üzərində hakimiyyətini daha da möhkəmlədən qərara imza atdı. Bunun ermənilərin işğal paytaxtını qeyri-rəsmi Şuşanı elan etməsi (qondarma prezidentin inaqurasiyası) ilə bir vaxta dəng gəlməsini də düşünməmiz lazım...

Vladimir Putinin hələ də virusdan ölüm sayının azalmadığı Moskvada tez-tələsik, 24 iyunda küçəyə ordu çıxarmaq qərarı, hakimiyyətinin ömrünü uzadacaq konstitusiya dəyişiklilklərini 1 iyuldan o tərəfə ertələməməsi və hətta tarixdə ilk dəfə nüvə silahından hansı hallarda istifadəni özündə əks etdirən fərman elan etməsi haqda necə, bir rəyiniz varmı?

Azərbaycanla bağlı da narahatlıqlar var. Əvvəla, pandemiya göstərdi ki, bizim cəmiyyət hələ də yetkin deyil. Heç nəyə inanmayanlarla işimiz yox, amma onların sayını bilmək istəyirsizmi? O zaman xeyli zibillənmiş internetdə mənasız boşbağazların, Azərbaycan əleyhinə iyrənc fikir qusanların zəhərli videolarının altından “oğulsan, əjdahasan” yazanların sayına baxın... Onlarla yetkin cəmiyyət qurmaq çətin məsələdir.

Marketlərdə baş verənlərə də məhz cəmiyyətin ciddi problemi kimi baxmaq lazımdır. Çox mətləbləri açıq və sərt yazmaq mümkün deyil, amma bu səhnələrə heç bir izahat (“uşaqlar ac qalar” və sair) şəxsən mənim üçün keçərli təskinlik deyil. Məyusluq gətirir bu cür mənzərələr...

Yetkin olmayan cəmiyyətlərdə isə boşluqlar çox olur. Onların “içinə” ölkədən nüfuz edə bilmirsənsə, xaricdən şeytan kimi girirsən.
Onları heç nəyə və heç kimə inanmamağa, ancaq layk etməyə çağırıb zombiyə çevrirsən.
Qorxulusu budur...

Nazim SABİROĞLU,
Musavat.com


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 6-06-2020, 23:50