mobil versiya

“Nələr baş verir, ölkə niyə dağılır?” - ABŞ-dakı məşhurlarımız




Amerikada yaşayan azərbaycanlı tanınmışlar Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən öldürülən afroamerikalı Corc Floyddan sonra baş verən iğtişaşlardan yazıb.

REPORTYOR.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar sosial şəbəkələrdə paylaşımlar edərək ABŞ-da yaranan vəziyyət barədə izləyicilərinə məlumat veriblər.

İki il əvvəl “Greencard” qazanaraq Pensilvaniya ştatına köçən repçi Elmir Məhərrəmov bildirib ki, mərkəzdən kənar yaşadığı üçün iğtişaşların şahidi olmur:

“Çox adam narahatdır, yazır, zəng edir. Bizdə hər şey yaxşıdır, halbuki mərkəzdə bəzi yerlərdə kütləvi iğtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatlıqdır. Buna baxmayaraq, 1 həftəlik kommendat saatı elan olunub”.

Ailəsi ilə birgə Nyu-York şəhərində yaşayan aparıcı-bloqer Günel Hümbətova qərbdə vəziyyətin gərgin olduğunu qeyd edib: “Məlum hadisələrə görə 8 saatdan sonra evdən bayıra çıxmaq olmaz. Məhləmizdə bəzi görüntülərin şahidi olmuşam. Deyirəm ki, Bakıdakı bəzi boş-bekarların iş-gücü qurtardı, özlərini düzəltdilər, indi də Amerikaya keçdilər. Kim haqlıdı, kim haqsızdı, kimlər vandalizm edirsə, onu aşkar etməyə çalışırlar. Ətiniz tökülsün”.

“The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olan müğənni Səbinə Əsgərova komendant saatında küçəyə çıxanların həbs olunduğunu vurğulayıb.

“Komendant saatındayıq. Saat 6-dan 18:00-a kimi kim küçəyə çıxırsa, həbs olunur. Həmin vaxtda kiminsə başına hər hansı bir hadisə gələrsə, bundan heç kəs cavabdehlik daşımır. 2020-ci ilin bitməsinə 6 ay qalıb, hələ də yeni ilin başlamasını gözləyirəm”.

Aparıcı Aynur Talıbova nümayişçilərə rezin güllələr atıldığını deyib: “Dünən Prezident Tramp Ağ Evin qarşısındakı hadisələr zamanı zərər çəkmiş kilsəyə baş çəkərkən polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdi. Hadisə yerində həmkarım, kameraman Aytən Məmmədova da vardı... Nələr baş verir, Amerika niyə dağılır?”


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 3-06-2020, 16:00