Şəhid generalımızın adı əbədiləşdirilsin - Adına küçə, prospekt və metro stansiyası
Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub. Şəhidlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də olub.
BAKU.WS xəbər verir ki, Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin, xüsusən də general Həşimovun adının əbədiləşdirilməsi geniş müzakirə olunan məsələlərdəndir.
Sosial şəbəkədə gedən müzakirələrdə insanlar şəhid generalın adına küçə, prospekt və metro stansiyaların verilməsini təklif edirlər. Hələlik bu istiqamətdə qərar verilməsə də, generalın adını daşıyacaq məkanın hara olacağı maraqla gözlənilir.
Ölkənin ictimaiyyət nümayəndələrinə müraciət edərək şəhid generalın adının necə əbədiləşdirilməsinin məqsədəuyğun olmasını dəqiqləşdirdik. Tərəflərin münasibəti fərqli olub.
Azərbaycanın xalq artisti Afaq Bəşirqızı hesab edir ki, generalın adını əbədiləşdirmək üçün küçə, yeni açılacaq metro stansiyası, gəmilərdən birinə onun adı verilə bilər: “Mənim neçə vaxtdır, generalla bağlı ürəyimdə arzularım var. Onun adını əbədiləşdirmək üçün bu, küçə, yeni açılacaq metro stansiyası, gəmilərimizdən biri də ola bilər. Mən analardan xahiş edirəm ki, doğulan uşaqlara Tovuz şəhidlərinin adı verilsin. Sevindirici haldır ki, artıq generalımızın adı verilməyə başlayıb.
Mən çox istərdim ki, general Polad Həşimovun adına hərbi məktəb olsun. Cənab prezident qisas əmrini veribdir. İstəklərimdən biri də budur ki, hərbi maşınlardan birinin üzərinə generalın adı yazılsın. Generalın adı ilə yanaşı onunla birgə həyatını itirən pokovnik İlqar Mirzəyevin adı da əbədiləşdirilməlidir. Burada diqqətlər bərabər bölünməlidir. Bu məsələdə ailələr çox həssasdırlar. Generalımız zatən fərqlənir. Amma istəyim budur ki, sıravi əsgər və gizirindən tutmuş zabitinə kimi qayğı əskik olmasın.
Bizim müəyyən kəndlərimiz var ki, Ağdam, Əlibəyli və s. onlara da qəhrəman kənd adları verilməlidir. Çox istərdim ki, həm də bizim generalın büstü bu kəndlərin birində ucalsın. Açığı deyim ki, generalın adının əbədiləşdirilməsi üçün nə etsək azdır.
Deputat, tanınmış yazıçı Aqil Abbasın fikrincə, generalın adına Bakı və digər rayonlarda məktəb və ya mədəniyyət mərkəzi verilsin: "Təklif edirlər ki, generalın adı metro stansiyalardan birinin adını daşısın. Təbii ki, şəhidlərin adı əbədiləşməlidir. Amma mən generalın adının metro stansiyaya verilməsini istəməzdim. Amma Bakı və digər rayonlarda onun adı məktəb və ya mədəniyyət mərkəzinə verilə bilər.
Özü də təkcə general deyil, müharibədə generalla əsgərin fərqi yoxdur. Hər ikisi əsgərdir, biri sadəcə rütbəcə general ola bilər. Əgər elə fərqlər qoymağa başlasaq, onda əsgərin də könlünə dəymiş olarıq. Hər bir şəhidin adı əbədiləşməli, adına nəsə olmalıdır. Amma indi general da generaldır. General 30 ilə yetişir".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli düşünür ki, vətənpərvərlik təbliğatının ən əsas hissəsi şəhidlərin xatirəsinin əbədiləşdirilməsidir: "Son döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bunların içində də general Polad Həşimov özünəməxsus yer tutur. Ümumiyyətlə vətənpərvərlik təbliğatının ən əsas hissəsi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ola bilər.
Çünki şəhidlər örnək kimi təqdim olunarsa, bu, gənclərdə vətənpərvərlik hisslərini oyadır və inkişaf etdirir. Vətənpərvərlik haqqında nəzəri mövzulardan çox bu nümunələrin təqdim olunması daha təsirli olur. Fikrimcə, son döyüşlərin xatirəsini əbədiləşdirmək üçün bütün şəhidlərimiz, o cümlədən generalımız haqqında xüsusi bir filmin hazırlanması çox təqdirəlayiq addım olar.
Sosial şəbəkələrə baxdıqda bir çox insanların general haqqında xatirələrini oxuyuruq və görürük ki, bu insan özünəməxsus həyat tərzi ilə seçilən bir şəxsiyyət olub. Onun həm döyüş bacarığı, həm şücaəti, həm də insanlığı gənclərimizə örnək ola bilər. Çünki şəhid olmaq üçün ilk növbədə şəhid adına layiq yaşamaq lazımdır. General Polad Həşimovun həyatı da bu baxımdan insanlarımıza örnək ola bilər.
Bu səbəbdən yüksək səviyyədə bir filmin hazırlanmasının tərəfdarıyam. Onun həyatının müxtəlif epizodlarını əks etdirən bədii film ola bilər".
Azərbaycanın məşhur aktyoru, xalq artisti Rasim Balayev bildirdi ki, generalın adını əbədiləşdirmək üçün film çəkilməlidir: "Bu general nəyə desən, layiqdir. Çox istərdim ki, onun haqqında film çəkilsin. Bu, onun adını əbədiləşdirmək istiqamətində gözəl addım olardı. Film insanı tanımaq üçün gözəl vasitədir. Təbii ki, onun adı küçə və prospektlərə verilməlidir, heykəli qoyulmalıdır. Bir kino adamı kimi mən istərdim ki, onun barəsində film çəkilsin".
Milli Məclisin deputatı Cavid Osmanov isə qeyd etdi ki, generalın adı elə bir yerdə əbədiləşdirilməlidir ki, insanların daha çox getdiyi və təbliğat xarakterli yer olsun: “Allah bütün şəhidlərimizə, vətən, müstəqillik, xalqımız uğrunda öz həyatlarını qurban verən şəhidlərimizə rəhmət eləsin. Hər biri qarşısına baş əyirik. Xalqımıza, şəhidlərimizin ailələri və yaxınlarına baş sağlığı veririk. Əlbəttə ki, cənab generalın adının əbədiləşdirilməsi ilə bağlı ümumilikdə Azərbaycan dövləti tərəfindən bir sıra tədbirlər bu günə kimi görülmüşdür və bundan sonra da görüləcək.
Düşünürəm ki, cənab generalın adını elə bir yerdə əbədiləşdirmək lazımdır ki, küçələr və digər yerlərdən fərqli olaraq insanların ora daha çox getdiyi və təbliğat xarakterli yer olsun. Bu, metro stansiya da, böyük bir meydan da ola bilər”.
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-07-2020, 16:15