mobil versiya

Nəzarət məkruhdur, bəlkə də vacibdir



Keçən yazılarımda Mədəniyyət Nazirliyi yanında ictimai şuraya gərgin seçkilərdən bəhs etmişdim. Orda 9 nəfər üzv olmalıydı, seçkilərin ilk günündə cəmi 1 nəfəri seçə bilmişdilər, qalan namizədlər lazım olan qədər səs toplamaqda çətinlik çəkmişdi. Xalqımız da çox nigaran idi, çünki hazırda bütün başqa nazirlik və dövlət idarələrinin az qala hamısında ictimai şura yaradılmışdır, bircə bu idarə qalmışdı. Nəticədə ictimaiyyətimiz Mədəniyyət Nazirliyindəki proseslərə məcbur idi altdan-altdan nəzarət eləsin. Şükür, səhərisi gün təkrar seçkilər oldu, qalan 8 yer də doldu, indi 9 nəfərdən ibarət heyət mədəniyyətimizi göz bəbəyi kimi, açıq-aşkar, şəffaf şəkildə qorumaqdadır.

Biz mədəni millətik, Mədəniyyət Nazirliyimiz də onun üçün vardır. Dünyada elə millətlər var heç onun Mədəniyyət Nazirliyi yoxdur. Nazirlik olmayanda onun ictimai şurasını da yaratmaq çətinliklərə səbəb olur, hərçənd, bəzən belə hallara da rast gəlinir ki, şura var, lakin nazirlik özü yoxdur.

Elə hökumətin jurnalistlərə nəzarəti bu baxımdan ictimai əhəmiyyət daşıyır. Biz onlara baxmağa çalışırıq, onlar da bizə baxır. Hamısı diqqət və qayğının əlamətidir. Ən pisi olardı ki, hökumət jurnalistlərə heç baxmasın. Atalarımız da bu temada deyiblər: “Gözələ baxmaq savabdır”. Düzdür, bəzi yaramazlar indi həmin məsələ mız qoyur, iddia edirlər ki, guya o məsəlin ilkin variantı “Gözəl baxmaq savabdır” olubdur. Hələ deyir “Düz düzdə qalar” ata sözü də səhv anlaşılmışdır, əslində “Düz, düz də qalar” şəklindədir. Guya xalqımız burada düzgünlüyə böyük əhəmiyyət verdiyini nümayiş etdiribdir. Prinsipcə, “də”ni uca millətimiz kefi istəyəndə ədat, kefi istəyəndə bağlayıcı, lap vecinə olmayanda şəkilçi kimi istifadə eləyir, hər şey mümkündür.

Qulaq hər gün bir söz eşitməsə kar olar, bu dəqiqə hərə özündən bir söz uydurur. Bir dostumuz demişkən, nə bilim, vallah. Burda güclü iqtisadiyyatımızın rolunu mütləq qeyd etməliyik, çünki gərək ölkədə çoxlu pul, mal, var-dövlət olsun, o zaman idarələrdə ictimai şura, jurnalistlərdə kamera, jurnalistlərin kamerasında da hökumətin proqramı yerləşdirilir. Əks halda nəzarətin mənası nədir? Yoxdan Allah da bezardır. Şair, həmçinin, bu nəzarət temasında gözəl misralar yazıbdır, gəlin birlikdə oxuyaq, ürəyimiz sərinləsin: “Üzünü məndən nihan etmək dilərsən, etməgil! Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!” Hələ o biri beytdə deyir qan düşməsini istəmirəm, ictimai nəzarət yaxşı olsa da hər yerə baxmaq mentalitetə ziddir: “Qaşların qövsündə müjganın xədəngin gizlədib”... Yox, bu bənddədir: “Bürqəi üzündən açarsan məgər naməhrəmə, Gizli əsrarı əyan еtmək dilərsən, еtməgil!”

Bəli, hazırda bütün nazirliklərin yanında ictimai şuralar düzəldilmişdir. Nazir səhər iş yerinə gələndə birinci şura üzvləri ilə mehribanlıqla görüşür, öpüşür, dərdləşir, sonra kabinetinə keçir. Axşam tərəfi şuranın başqa, ehtiyat üzvləri də hərəsi bir yerdən – çimərlikdən, bostandan, çayxanadan, anbardan, talvardan, bulvardan (bunun qafiyə perspektivi çox pis istiqamətə gedir, o üzdən dayanıram, qədrimi bilin) – çıxaraq nazirliyə axışırlar. Nazir gün ərzində nə qədər çırpışdıra bilib... üzr istəyirəm, xalq üçün hansı qəhrəmanlığı törədibdir, gələcəyimiz üçün neçə kilo qan axıdıb, neçə litr tər tökmüşdür, hamısının hesabatını verir.

Axırda şura üzvləri naziri alqışlayır, hamı sosial məsafə saxlamaqla metroya minib işıqlı mənzillərinə dağılışır. Növbəti sabahlara qədər.

Sizin də sabahlarınız həmişə xeyirə açılsın, əziz oxucular.


KARUSEL / YAZARLAR
Tarix: 20-07-2021, 12:19