BDYPİ avtomobillərin nömrə nişanlarını gizlədən sürücülərə müraciət edib

Son zamanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı xüsusilə magistral yollarda və hərəkət intensivliyi yüksək olan ərazilərdə bəzi sürücülərin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi hallarına daha tez-tez rast gəlinir.
Bu barədə BDYPİ-nin sürücülərə çağırışında bildirilib.
“Bu cür halların əsas məqsədi sürücülərin radar və digər texniki nəzarət vasitələrindən yayınması, törədilən qayda pozuntularını qeydə alınmaz vəziyyətə gətirməyə çalışmasıdır. Lakin unutmaq olmaz ki, belə davranış yalnız inzibati hüquq pozuntusu deyil, həm də cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlmiş məsuliyyətsiz addımdır. Yol hərəkətində şəffaflıq və təhlükəsizlik prinsiplərinə ciddi zərbə vuran bu cür hallara qarşı BDYPİ tərəfindən nəzarət tədbirləri gücləndirilib, xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyat nişanlarını qəsdən gizlədən sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilir”,- deyə məlumatda qeyd olunub.
BDYPİ bir daha yollarda sürücüləri qanunlara əməl etməyə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının üzərinə müdaxilə etməməyə çağırıb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:41