mobil versiya

İrəvan müharibə çağırışı edir, Azərbaycan XİN-i isə... işğalçının başını tumarlayır!




Azərbaycan XİN prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı yürütdüyü hücum diplomatiyasına lazımi dəstək vermək və bundan irəli gələn vəzifələri icra eləmək iqtidarında deyil

Ermənistanı rəhbərliyi pandemiya dönəmində də Qarabağ məsələsində təxribatçı, beynəlxalq hüquqa sığmayan həyasız mövqeyini saxlayır. Halbuki məntiqlə həm epidemioloji, həm də sosial-iqtisadi göstəricilər baxımından Cənubi Qafqazın ən geridə qalmış, vassal ölkəsi kimi məhz Ermənistan konfliktin həllində hamıdan çox maraqlı olmalıdır. O Ermənistan ki, pandemiyadan sonra da həll olunmamış Qarabağ ixtilafına görə izolyasiya rejimində qalmaqda davam edəcək.

Əfsus ki, İrəvanın indiki rəsmiləri də sələfləri kimi öz xalqını aldatmaqla məşğuldur. Onlar da sələfləri kimi Qarabağla bağlı Azərbaycanın heç vaxt razı olmayacağı absurd şərtlər və tələblərdən dəm vurur, mifik “hərbi qələbə” eyforiyasından çıxa bilmirlər.

Bununla da böyük sülhü yox, haqq etdikləri fəlakətli sonluğu – Azərbaycanın öz torpaqları uğrunda azadlıq savaşını yaxınlaşdırırlar.

Ermənistanın xarici İşlər naziri Zohrab Mnatsakanyanın bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı verdiyi məlum açıqlamasına cavabı buna bir daha şəkk-şübhə saxlamır və aparılan kövrək sülh danışıqlarını da tam mənasız edir.

Actually Today: Zohrab Mnatsakanyan - Public Television of Armenia

Zohrab Mnatsakanyan

Xatırladaq ki, Lavrovun mərhələli həlli özündə ehtiva edən, hətta daha çox Ermənistanın maraqlarına uyğun gələn sənədlərlə bağlı söylədiklərindən dolayı Mnatskanyan bildirib ki, Qarabağ məsələsində Azərbaycana ərazi güzəşti edilməyəcək.

Lavrovun açıqlamasından sitat: “Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.

What You Need to Know About Russia's Sergei Lavrov

Sergey Lavrov

Bu sitat isə Mnatsakanyanın cavab reaksiyasındandır: “Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan - Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Qubadlı və Laçından gedir – red.) hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz. Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur.

Ermənistan tərəfindən heç vaxt birtərəfli güzəştlər olmayacaq. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz”.

***

Yəni yenə köhnə bayatılar, mövcud olmayan “Qarabağ xalqı” haqda sərsəmləmələr. Əslində təəccüblü deyil. Təəccüblüsü Azərbaycan XİN-in Z. Mnatsakanyanın fitnəkar mövqeyinə qeyri-adekvat cavabıdır. Diqqət edin, erməni baş diplomatı bu bəyanatla Azərbaycanla danışıqların üstündən, faktiki, xətt çəkir və Bakıya müharibə çağırışı edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin cavab reaksiyası bu çağırışa qətiyyən adekvat sayıla bilməz. Əsas da o səbəbə ki, işğala məruz qalan tərəf bizik. Təəssüf ki, cavabda daha çox şablon, ənənəvi ifadələr və leksikon əksini tapıb.

Leyla Abdullayeva: “Azerbaijan sent protest note to Australian ...

Leyla Abdullayeva - XİN-in mətbuat xidmətinin rəhbəri

XİN-in erməni baş diplomatına cavabında deyilir: “Müasir dünya düzəni II Dünya Müharibəsindən sonra formalaşıb və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapıb. Bütün bu fundamental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratı prinsiplərinə aydınlıq gətirilir. Azərbaycan kimi, Ermənistan da bu sənədlərin tamhüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət edilmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər.

Həmçinin növbəti dəfə vurğulayırıq ki, yuxarıda qeyd etdiyimiz Helsinki Yekun Aktında qeyd olduğu, daha sonradan isə Paris Xartiyasında bir daha təsdiq olunduğu kimi, öz müqəddəratını müəyyən etmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hərəkət etməlidirlər.

Ermənistanla Azərbaycan arasındakı münaqişə halında, məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq, qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olunduqları bir vaxtda, nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz... Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Nə qədər tez Ermənistan bunu dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar”.

***

Bu bəyanatdan görünən odur ki, Azərbaycan XİN-i prezident İlham Əliyevin xarici siyasət, özəlliklə də Dağlıq Qarabağla bağlı yürütdüyü hücum diplomatiyasına lazımi dəstək vermək və bundan irəli gələn vəzifələri icra eləmək iqtidarında deyil. Ola bilsin heç marağında da deyil. Hər halda, Azərbaycan prezidentinin milli maraqlarımızdan irəli gələn ən çətin vəzifələrlə bağlı beynəlxalq platformalarda uğurlu çıxışları fonunda XİN-in fəaliyyəti, reaksiya və bəyanatları çox sönük görünür.

İlham Əliyev: "Qarabağ Azərbaycandır və nida işarəsi"

Məsələn, hamının yadındadır ki, “Valday” diskussiya klubunun keçirdiyi son debatlar zamanı İlham Əliyev etdiyi qətiyyətli çıxışı ilə, “Qarabağ Azərbaycanındır və nida işarəsi!” bildirməklə Ermənistan rəhbəri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” tezisini darmadağın edib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Paşinyanla açıq debatda, ümumiyyətlə, Ermənistan rəhbəri gülməli duruma düşüb, işğalçı ölkənin Qarabağla bağlı destruktiv mövqeyi alt-üst və faş olub.



Tarixə uğurlu ekskurs edən Azərbaycan prezidentinin “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi var”, habelə “Ermənilər ikinci dəfə öz müqəddəratını təyin eləmək istəyirsə, başqa yer axtarsınlar” sözləri də işğalçı ölkənin avantürist Qarabağ siyasətinə vurulan mühüm zərbələr idi.

Bu reallıqlar fonunda Azərbaycan XİN-i ölkə rəhbərinin qətiyyətli mövqeyinə əsla ekvivalent olmayan mövqe sərgiləyir, təkrarçılığa yuvarlanır, şablon ifadələrdən qaça bilmir. Prezident kimi ölkəmizin mövqeyini birmənalı və qəti şəkildə ifadə etməkdən elə bil, çəkinir və qorxur. İşğalçı ölkə Qarabağla bağlı daha sərt, daha həyasız tələb və şərtlərdən çıxış edirkən, bizim XİN ürkək mövqe tutur, rəsmi İrəvanın davakar mövqeyinə qarşı lüzumsuz “konstruktivlik” göstərir, sanki özünü sığortalamağa çalışır.

Zohrab Mnatsakanyan son bəyanatı ilə sülh prosesini darmadağın etdiyi, faktiki, bizə müharibədən başqa yol saxlamadığı halda, Azərbaycan XİN-i təmas xəttində atəşkəsin gücləndirilməsi, koronovirusla mübarizənin gücləndirilməsi və münaqişənin sülh yolu həllindən danışır. Ardınca Azərbaycan xarici işlər naziri Ermənistan XİN başçısı və həmsədrlərlə “2+3” formatında birgə bəyanata imza atır.

Dağlıq Qarabağda keçirilən “seçki”lər beynəlxalq təşkilatların və ...

Yaxud belə bir fakt: az öncə işğal altındakı Dağlıq Qarabağda növbəti seçki tamaşası keçirildi. Lakin Azərbaycan XİN-i bu hadisəyə də növbətçi bir yanaşma sərgilədi, nə nazir nə də onun müavinləri ortaya çıxıb qətiyyətli mövqe göstərmədilər. Yenə də Azərbaycan prezidenti ölkəmizin prinsipial mövqeyini ifadə elədi. Həmçinin saxta “seçkilərlə” bağlı MQ həmsədrlərinin heç də ürəkaçan olmayan bəyanatını bizim baş diplomatiya idarəmiz cavabsız qoydu.

Bundan əlavə, insan hüquqlarını əlində bayraq edərək Azərbaycana xaricdən tənqid edən dairələrə XİN tərəfindən cavablar görmürük. Onların cavablarını da dövlət başçısı vermək məcburiyyətindədir...

***

Bu xüsusda Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan xarici işlər nazirinin məlum fitnəkar açıqlamasına cavabı ilə bağlı şərhi yayılıb. O, Z. Mnatsakaynanın məlum bəyanatının Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkdiyini deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur: “Bu, eyni zamanda, həmsədrlərə hörmətsizlikdir. Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunub. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunub".

PA rəsmisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. “Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar. Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunub Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, - deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib.

***

Qayıdaq Azərbaycan XİN-in Qarabağla bağlı apardığı dişsiz siyasətə.

Bizə çatan məlumatlara görə, nazirliyin siyasi idarələrinin rəisləri, ümumiyyətlə, diplomatiyaya yararsız şəxslərdir və iş-gücləri yalnız gün keçirməkdən ibarətdir. Səfirlərin əksəriyyəti mətbuatda özlərini reklam eləməklə məşğuldur. XİN-in Konsulluq İdarəsi isə gələn xəbərlərə görə, vətəndaşları incitmək və rüşvətxorluq prinsipləri əsasında fəaliyyət göstərir. Nazirliyə işə götürülmə qaydaları qeyri-şəffafdır. Bütün bunlar ilk növbədə XİN-də aparılan yarıtmaz kadr siyasətinin və orada hökm sürən ətalətin təzahürləridir. Nəticədə peşəkar kadrlar diplomatiyanı tərk edir, onların yerini diletantlar tutur.

Cümhuriyyətin ərazisi 114 min kvadrat kilometr olub"

Faktların sayını artırmaq da olar.

Beləcə, hər şeyə səthi, qeyri-peşəkar yanaşılması, hər şeyi lağlağıya çevirmək nəticə etibarilə Xarici İşlər Nazirliyi kimi ciddi və strateji bir təşkilatın mövcud olmaması təəssüratını yaradıb. Belə bir vəziyyəti kardinal şəkildə dəyişmək zamanı artıq çatıb. Bunu ilk növbədə həlli uzanan Qarabağ məsələsi, bitməyən müharibə, eləcə də dünyanın dəyişən şərtləri diktə edir...

Siyasət şöbəsi, 
Musavat.com

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / SİYASƏT
Tarix: 22-04-2020, 23:31