mobil versiya

„Primakovun adı əslində onların əlində bəhanə idi...”




Sovet dövlət və siyasi xadimi, daha sonra uzun illər Rusiya Federasiyasının rəhbərliyində yüksək postlar tutmuş Yevgeni Primakovun adı ətrafında sosial şəbəkələrdə, elektron KİV-lərdə həftələrdir böyük qalmaqal qopmuşdu. Qalmaqala səbəb isə yerli mətbuatdan, sosial şəbəkələrdən məlum olduğu kimi, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin Primakovun anadan olmasının 90 illiyi münasibətilə təşkil etdiyi sərgi, habelə tələbələr arasında esse müsabiqəsidir.

Həmin müsabiqənin güya Bakı Slavyan Universitetində keçirilməsi və BSU-nun bir neçə tələbəsinin müsabiqədə iştirakına görə həftələrdir rektor Nurlana Əliyeva bəzi yerli KİV-lərdə, sosial şəbəkələrdə linç edilməkdədir. Rektora qarşı əsasən qərəzli şəxslərin başlatdığı kompaniyaya bəzi deputatlar, ekspertlər də qoşulub. Linç kompaniyası o dərəcədə irəli gedib ki, YouTube kanallarından birində Nurlana Əliyevanın “erməni olması” barədə şər və iftira yayılıb. Bu əsassız şaiyənin müəllifi isə telekanallardan birinin keşmiş aparıcısıdır, o, “Allaha, qurana and içib” deyib ki, rektor erməni əsillidir, daha dəqiqi anası ermənidir.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qətliam zamanı SSRİ Ali Sovet İttifaq Sovetinin sədri olmuş Yevgeni Primakovun bu hadisələrdəki rolu və iştirakı barədə uzun illər danışılıb, yazılıb. Bəziləri onu 20 yanvar qırğınının əsas ideoloqu və planlaşdırıcısı hesab edir, lakin o zamankı hadisələrin içərisində yer alanlar arasında Primakovun əslində ordunun xalqımıza qarşı silah işlətməsinin tərəfdar olmadığını deyənlər də var.



Hər halda fakt budur ki, ötən əsrin 90-cı illərinin əvvələrindən etibarən Primakovun adı 20 yanvar qırğınına görə məsuliyyət daşıyanların siyahısında mövcud deyil. Həmin dövrdə Primakov artıq Rusiya rəhbərliyində yüksək post tuturdu, Xarici Kəşfiyyat Xidmətinin direktoru idi. Sonradan isə o, Nazirlər Kabinetinin sədri və Xarici İşlər naziri postlarını da tutdu. Bu vəzifələrdə işləyərkən dəfələrlə Bakıda səfərdə olub, yəni Primakov rəsmən Azərbaycan dövlətinin axtarışa verdiyi beynəlxalq terrorçu deyil. Yəni Primakov Azərbaycana rəsmən düşmən olsaydı Rusiya səfirliyinə Bakıda onun xatirəsinə həsr edilmiş tədbirlər təşkil etməyə də yəqin ki, icazə verilməzdi.

Bəs necə olub ki, Bakı Slavyan Universiteti və onun rektoru bu qalmaqala cəlb olunub? Xanım Nurlana Əliyeva doğrudanmı Primakova pərəstiş edir və onun 90 illik yubileyi münasibətilə sərgi təşkil edib, müsabiqə keçirib və tələbələri onun barəsində inşa yazmağa məcbur edib? Yaxud rektora göstəriş onu linç edənlərin bəzilərinin iddia etdiyi kimi , “yuxarılardan” verilmişdi?

Bu və digər sualları aydınlaşdırmaq üçün Bakı Slavyan Universitetinə yollandıq. Həmin Universitetə ki, uçuq-sökük dəhlizləri, auditoriyaları, sıradan çıxmış maddi-texniki bazası ilə cəmi bir neçə il əvvəl -Nurlana Əliyevanın rektor vəzifəsinə təyin olunmasına qədər ali təhsil müəssisəsindən çox xarabalığı xatırladırdı. Belə şəraitin hökm sürdüyü universitetdə yüksək səviyyəli tədrisdən söz gedə bilməzdi.

Yeni rektorun təyin edilməsi ilə universitetin binasında əsaslı təmir başlandı və indi gördüklərimiz bizi sözün əsl mənasında təəcübləndirdi. Cəmi bir neçə il əvvəlki miskin mənzərədən əsər-əlamət qalmayıb, universitet faktiki olaraq təmamilə yenidən qurulub və maddi-texniki təhcizatı bütünlüklə yenilənib, müasirləşib. Unuversitetdə hər yerdə səliqə-səhman, yüksək mədəni səviyyə hökm sürür.



 “Nə Primakovun xatirəsinə həsr edilmiş sərgiyə, nə həmin esse müsabiqəsinin təşkilinə, keçirilməsinə Bakı Slavyan Universitetinin heç bir aidiyyatı olmayıb. Həmin tədbirin təşkilatçısı da bəllidir, keçirildiyi ünvan da. Bu necə ola bilər ki, biz burada, 5 min insanın gözü qarşısında hansısa tədbir təşkil edib sonradan danaq?”,-rektor bildirir.

Xatırladaq ki, ötən ay keçirilən  həmin tədbirlərin təşkilatçısı Rusiyanın Bakıdakı səfirliyi idi. Tədbirin keçirildiyi məkan isə Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi olmuşdu. Səfirliyin təşkil etdiyi esse müsabiqəsində universitetin bir neçə tələbəsinin iştirakı isə, rektorun bildirdiyi kimi, onun təşəbbüsü ilə baş verməyib. Univesitetin sıx əməkdaşlıq etdiyi Rusiya səfirliyindən müvafiq şöbəyə daxil olan elektron müraciət əsasında bir neçə tələbə öz təşəbbüsü ilə bu müsabiqəyə qatılıb.

Nurlana Əliyeva əlavə edir ki,  bu gün universitetdə Rusiyanın, Belarusun, Ukraynanın, Bolqarıstanın, Polşanın, Çexiyanın, Yunanıstanın, Türkiyənin, Fransanın, Almaniyanın və digər ölkələrin səfirlikləri ilə müştərək tədbirlər, - beynəlxalq konfranslar, dəyirmi masalar, mühazirələr, müxtəlif mədəni tədbirlər sıx-sıx keçirilir.



“Bu ölkələrin ictimai-siyasi xadimləri, elm adamları, universitet rektorları, Azərbaycanda keçirilən forumlara, sammitlərə, humanitar dialoqlara gələn qonaqların sırasından müxtəlif ölkələrin siyasi xadimləri (Peter Tasse, Gennadi Burbulis, Aleksandr Duqin, Esmiralda De Sançes və b.) bir neçə dəfə universitetimizin professor-müəllimləri, tələbələri qarşısında mühazirələr oxuyublar. Slavyan ölkələri ilə müəllim-tələbə mübadilələri, ustad dərsləri ənənəvi hala çevrilib. Slavyan ölkələrinin dövlət məmurları dəfələrlə universitetimizin  qonağı olub, onlardan da qarşılıqlı səfərlər üçün dəvət almışıq”,-rektor deyir.

Xanım Əliyeva universitetin nailiyyətlərindən danışır. Bildirdiyinə görə , hazırda BSU-nun maddi-texniki bazası tam imkan verir ki, ölkədə aparılan “İnsan Kapitalı” siyasətinin həyata keçirilməsinə öz töhfəsini versin. Məsələn, deyir ki, universitetin nəzdində yenicə açılmış Erasmus-Petra mərkəzi treninqlər, seminarlar mərkəzinə çevrilib, tədrisdə yeniliklər, innovativ metodlar öz səmərəsini verməyə başlayıb. Açıq dərslər, mövzular üzrə aylıqların keçirilməsi onların müzakirəsi ənənəvi hal alıb.



Rektor həm də hakim Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədridir. Söhbətinə davam edərək deyir ki, Azərbaycanın indiki inkişafı, beynəlxalq və regional əhəmiyyətli iri layihələr həyata keçirməsi, prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə edilən uğurlar “bəzi qüvvələri” narahat edir, çünki onların maraqlarına uyğun deyil. Bildirir ki, bu səbəbdən həmin  qüvvələr xalqın, dövlətin xidmətində duran insanları hədəfə alır, həqiqətə uyğun olmayan məlumat yayırlar. 

“Həmin qara PR kampaniyasını aparanları necə jurnalist adlandırmaq olar? Onlar ayrı-ayrı qüvvələrin əlində qarayaxma alətinə çevriliblər. Bu gün Azərbaycanda peşəkar, jurnalistika prinsiplərinə və normalarına əməl edən kifayət qədər jurnalistlər var. Onlar yaxşı bilirlər ki, hansısa xəbəri, iddianı dəqiqləşdirmədən dərc etmək düzgün deyil, heç bir nüfuzlu KİV dəqiqləşdirilməmiş iddialara yer ayırmaz.  Əgər Primakova həsr edilmiş tədbirlər haqqında həqiqəti üzə çıxarmaq lazım idisə, əvvəl BSU-nun özünə, daha sonra Rusiyanın Bakıdakı Səfirliyinə zəng vurub məsələni öyrənmək olardı. Necə ki, bunu siz edirsiniz. Deməli, məqsəd həqiqəti üzə çıxarmaq yox, böhtanlarla, uydurmalara kimisə gözdən salmaq cəhdidir, Primakov isə burada bəhanə kimi istifadə olunur”,-BSU rektoru bildirir.



Nurlana xanım deyir ki, onun vətənpərvərliyini sual altına almağa çalışan şəxslərə cavab vermək istəmir. Çünki Qurana and içib kiməsə şər və böhtan yağdırmaq heç bir məntiqə, əxlaqa sığmayan  cahillikdir. Belələrinə vaxt ayırmağa dəyməz. 

Həftələr boyu qara PR kampaniyasına məruz qalsa da rektor təmkinini pozmur, onun barəsində təhqirlər, böhtanlar yağdıranlar haqda bir dəfə də olsun acı ifadə işlətmir. Deyir ki, belələrinə sadəcə olaraq öz əməllərinin məsuliyyətini dərk etməyi, kimlərinsə əlində şər, böhtan alətinə çevrilməməyi məsləhət görür.



“20 yanvar hadisələrində və ümumiyyətlə xalqımın , ölkəmin maraqları üçün öz imkanlarım daxilində etdiklərimi heç zaman dilə gətirmərəm. Çünki hamısı mənim ürəyimdən gələn vətəndaşlıq borcumdur. Rəhbərlik etdiyim təhsil ocaqlarında, əvvəl M.Ə.Sabir adına Pedaqoji Kollecdə, indi isə Bakı Slavyan Universitetində tələbələrimə hər zaman yüksək insani dəyərlər aşılamışam, onları milli dəyərlərimizə, dövlətə, xalqa sevgi ruhunda yetişdirməyə çalışmışam. Bu dəyərləri mənə Gəncə əhlinin indi də cəddinə and içdiyi Hacı Seyid Rza Axundun və seyid Tutubəyimin övladı olan atam Müzəffər kişi, və anam Aşurbəyin və Məşədi Firatın qızı Təvarət xanım təlqin ediblər. Həcc ziyarətində olmuş xanım, uzun illərdir pedaqoji fəaliyyətlə, kamil insan yetişdirməklə, elmlə məşğul olan biri kimi üzümü şər-böhtan, cəmiyyətdə tutduqları mövqelərdən  sui-istifadə edib  deyirəm ki, bu əməllərin Allah və cəmiyyət qarşısında nə qədər böyük günah olduğunu dərk etsinlər”,-Nurlana Əliyeva bildirir.

Sonda rektor müdriklərin bu sözünü misal gətirir: şər, böhtan, paxıllıq xam at kimidir. Heç vaxt öz sahibini sağ-salamat mənzil başına çatdıra bilməz..
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-11-2019, 20:00