mobil versiya

Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? - VİDEO



“Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi”.

REPORTYOR.AZ xəbər verir ki, bunu Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. Ancaq bəzi ünsürlər iğtişaş yaratmağa cəhd etdilər. Cinayətləri törədənlər qanun qarşısında cavab verəcəklər:

“Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər.

Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir.

Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy valideynləri də utansınlar. Bu, nəyi xatırladır? Yəqin ki, siz də xatırlayırsınız, 1990-cı ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü.

Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var”.

Prezident əlavə edib ki, hal-hazırda Azərbaycanda səfərbərliyin elan olunmasına ehtiyac yoxdur. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, bundan istifadə olunacaq:

"İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün, bəlkə də, minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir.

Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər.

Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq".

İlham Əliyev qeyd edib ki, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər: "Bu, bizi haqlı olaraq narahat edir. Dövlət başçısı deyib ki, həmrəylik sözdə yox, əməldə olmalıdır. Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan.

Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb.

Mən dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər çəkmiş bütün binalar, – indi komissiya təşkil olunub, - inventarlaşdırılacaq və qısa müddət ərzində biz bütün evləri bərpa edəcəyik. Amma insanların həyatını bərpa etmək olarmı? 76 yaşlı ağsaqqalın həyatını bərpa etmək olarmı? Bunu kim edib? Ermənistan edib. Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər. O vaxt bizim gücümüz yox idi.

Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu faciə vaxtı Azərbaycana rəhbərlik edirdi. Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hər şeyi bilməlidir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının bu qərarını biz çox yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı da, - burada 120 ölkə cəmləşir, - birmənalı şəkildə Azərbaycanı dəstəklədi.

İlham Əliyev birdaha qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 22-07-2020, 11:49