mobil versiya

Vurğun Əyyubu ağır xəstəliyə düçar edən səbəb...



Reportyor.az “XXI Əsr Təhsil Mərkəzi” rəhbəri Etibar Əliyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Mərhum Vurğun Əyyub hələ komaya düşəndə sosial mediada minlərlə status yazıldı, müsbət fikirlər səsləndi. Onunla bağlı cəmiyyətin mövqeyi birmənalı oldu. Sizcə, hamının Vurğun Əyyuba xoş münasibəti nə ilə bağlı idi?

- Vurğun Əyyub Azərbaycanda ziyalı simvolu idi, o, güclü xarakterə malik, çox savadlı insan idi. Vurğun bəyin həm də Azərbaycan cəmiyyətində barışdırıcı mövqeyi əsas keyfiyyətlərindən biri idi. Yəni Vurğun bəy dostlar, tanıdıqları arasında umu-küsünün, elementar şeylərə görə bir-birinə qarşı irəli sürülən ittihamların qarşısını almağa çalışırdı. Vurğun Əyyub gözəl ailə başçısı idi, dəyərli övladları var. Bildiyiniz kimi, 2 qız atasıdır. Mənim fikrimcə, Azərbaycan cəmiyyəti də daxil olmaqla, bütövlükdə bütün cəmiyyətlərin belə insanlara çox böyük ehtiyacı var. Ən əsası bir ilin içərisində qəbul prosesində inqilabi dəyişikliyin baş verməsinin müəllifi oldu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı, ilk dəfə olaraq qəbula haram qatılmadı. Tələbə qəbulu çox şəffaf və təmiz keçirildi, çoxları hesab edirdi ki, bu nəhəng işin öhdəsindən gəlmək mümkün olmayacaq. Ancaq Vurğun bəy biliyi, bacarığı, qətiyyətliliyi, topladığı komanda ilə bu işin əsasını qoydu. 1992-ci ildən indiyə qədər savadı olan sadə vətəndaşlar bu işin bəhrəsini görürlər. Həm də o, şəxsiyyəti, xarakteri, dostluğa verdiyi dəyərlə yanaşı, dövlətə bağlı, dövlətçi şəxs idi. Uzun müddət işsiz qaldı, bu dövrdə qəzetlərin birində köşə yazısı yazıb ailəsinin xərclərini qonararla təmin etməyə çalışırdı. Sonra universitetlərin birində işə dəvət olundu və düşünürəm ki, TQDK layihəsinin müəllifi, qeyd etdiyim məziyyətlərin, dəyərlərin daşıyıcısı olan Vurğun bəyin universitetdə departament rəhbəri vəzifəsində, müəllim kimi işləməsi həmin ali məktəbin nüfuzunun yüksəlməsinə səbəb olmuşdu.

- Sosial şəbəkələrdə qəbul imtahanında bacısına iki bal artırmaması, hətta Novella Cəfəroğlunun bacısı qızına görə Əbülfəz Elçibəyin xahişini də nəzərə almaması məsələsi geniş müzakirə olunur və bu məsələdə Vurğun Əyyubun prinsipiallıq nümayiş etdirdiyi qeyd edilir...

- Mən o zaman Təhsil Nazirliyində çalışırdım, onun fəaliyyətini müşahidə edirdim, deyilənlərın hamısı həqiqətdir. Vurğun bəy ilkin yaranan layihəyə haram qatılmasının qarşısını aldı. Bir nəfər üçün güzəşt olunsaydı, deyəcəkdilər ki, öz bacısının iki balını düzəltdi, tələbə oldu. Bununla da yaranmış layihə gözdən düşmüş olacaqdı. Mən də eşitmişdim ki, Əbülfəz Elçibəyin nəyisə nəzərə almaqla bağlı yüngül xahişini yerə salmışdı. O dövr üçün nəhəng bu, iş idi. Ola bilsin, çoxları bunun mahiyyətini dərk eləmir. Ali məktəblərə qəbul birdən-birə korrupsiyalaşmış ali təhsil müəssisələrindən ayrıldı və ayrı quruma verildi. Ali məktəblərə qəbul hesabına milyonlar qazananlar bir növ kənarda qaldı. Təbii ki, müqavimət vardı, amma Vurğun Əyyub o hücumların qarşısını aldı. Elə bir şəxsiyyət idi ki, onun dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Elə hesab edirəm ki, Vurğun bəy mənim yanımdadır. O qədər təbii, nəhəng, güclü şəxsiyyət idi ki, onun uzun müddət ölümü qəbul olunmayacaq, yaddaşlardan silinməyəcək. Əlbəttə, çox böyük itkidir. Allah ona rəhmət eləsin!

- Tanışlığınız hansı dövrə təsadüf edir?

- Bizim dostluğumuz 1992-ci ildən etibarən başlayıb. Kitab məsələləri ilə bağlı söhbət zamanı kitabxanamın olduğunu bilmişdi və məndən bir neçə kitab götürmüşdü, birgə o kitabları müzakirə edirdik. Açığını deyim, hətta Vurğun bəyə görə Müsavat partiyasının üzvü oldum. Bizim orada da çox yaxşı diskussiyalarımız olurdu. Müsavat partiyasının təmsilçisi kimi partiyaya böyük enerji gətirirdi. Onun səmimi olaraq siyasətlə məşğul olmağı qəbul edilirdi, onda aqressiya yox idi, böyük ziyalı idi. Partiyalarda bu cür ziyalıların olması siyasi təşkilatın gücünü artırır. Sonra bir müddət Türkiyəyə işləməyə getdi. Bakıya gələndə yenə görüşürdük. Xəstələndiyi dövrdə demək olar ki, mütəmadi olaraq əlaqə saxlayırdım, hər dəfə müalicəyə gedəndə Vurğun bəyin bu vəziyyətinə üzülürdüm. Vəziyyəti çox ağır olsa da, sona qədər mənimlə telefonda danışırdı, zənglərimə cavab verirdi. Ölümü də həddən artıq optimist qarşıladı, bu, hər şəxsiyyətə xas olan bir şey deyil. Ölümdən, çəkdiyi ağrılardan qorxmurdu. Bunu təbii hesab edirdi, son müsahibəsində çox gözəl bir fikir demişdi ki, mən bu dünyadan beşəlli yapışan insanlardan deyiləm. Həqiqətən eləydi, bu fikri elə belə söyləməmişdi. Qaçılmaz olan ölüm kabusundan çəkinmədi, ölümün gözünə dik baxdı və bizi tərk elədi...

- Deyəsən, bir yerdə işləməmişdiniz...

Mən onu “Çənlibel” dərnəyindən, 1988-ci ildən tanıyıram. Biz “Çənlibel”in üzvüydük. Xudu Məmmədovla çox möhkəm dostluğu vardı, “Çənlibel”dən bir-birimizi tanıdığımızdan TQDK yarananda əlaqələrimiz vardı, görüşürdük. Təhsil Nazirliyi fərqli, TQDK fərqli qurum idi, ancaq məsləhətləşmələr aparılanda tez-tez görüşürdük. Mənim özümdə də, başqa dostlarda da bu prosesin baş tutmayacağına dair müəyyən şübhələr vardı, ancaq o, prosesin üstünə getdi və ona nail oldu. Biz də inana bilmirdik. Qəbul prosesi vətəndaşın hüququdur, bu hüququn tapdanması, prosesin ləngiməsi çox böyük təlatümlərə səbəb ola bilərdi. Lakin Vurğun bəy bunu yüksək səviyyədə elədi və ilk dəfə Azərbaycan tarixində rüşvətsiz, tapşırıqsız tələbə qəbulu həyata keçirildi.

- Son görüşlərində nələrdən danışırdı, hansısa arzusunu dilə gətirirdi?

- Son görüşümüzdə vəziyyəti o qədər də qənaətbəxş deyildi. 2 saatdan çox kitablardan danışdıq. Professor Bədirxan Əhmədov yanımızdaydı. Cəsarət Valehov da bizimlə getmişdi. Xəstəlik onu üzmüşdü, o qədər ağrıların içində xeyli ədəbiyyat söhbətləri elədik, təhsildən, elmdən danışdıq. Zarafatlar elədi. Ondan sonra iki dəfə telefonla danışdıq, bu söhbətimizdən sonra hiss elədim ki, artıq onu narahat etməyə dəyməz. Ən maraqlısı o idi ki, komaya düşməzdən 4 saat qabaq mənə zəng edibmiş, telefonum səssiz rejimdə idi deyə o zəngi eşitməmişdim. Axırıncı səsini, sözünü eşitmədim. Sonra özüm nə qədər ona zəng elədim, telefondan cavab gəlmədi.

- Bayaq söylədiniz ki, Vurğun Əyyuba görə Müsavat Partiyasına gəlmişdiniz, elə onunla bərabər çıxdınız?

- QHT sektoruna keçəndən sonra Müsavatı tərk etdim. Vurğun bəy mənə dedi ki, sizin şəxsi fikrinizdir və buna hörmətlə yanaşıram. O vaxt ərizəni də elə onun özünə vermişdim. Sonradan onun Müsavatdan o şəkildə kənarlaşdırılması partiyanın yaradıcı və qurucusu üçün çox ağır hadisə idi. Neçə illər yol gəldikləri insanlar içərisində ən ləyaqətlilərindən, təmizlərindən birini partiyadan süni şəkildə kənar etdilər. Bu ona ağır təsir göstərmişdi. O, bunu qəbul edə bilmirdi. Amma nə etmək olar, proses başlanmışdı. Yenə də müsavatçılarla dost idi, hiss edirdim ki, daxilən çox əziyyət çəkir, Müsavat Partiyası layihəsinin bu məcraya gəlib çatması onu dəhşətli dərəcədə ağrıdırdı. Vurğun Əyyubda Azərbaycan ağrısı vardı. Azərbaycan ağrısı onu ağır xəstəliyə düçar elədi...

- Qızının Feysbukda paylaşdığınız məktubu maraqla qarşılandı. Vurğun bəyin övladları nə işlə məşğuldur?

- Övladının biri Türkiyədə, o biri səhv etmirəmsə, Bakı Slavyan Universitetində təhsil almışdı. Övladları təhsil aldıqlarına görə onlarla çox görüşə bilmirdim. Vurğun bəy qızlarının çox maraqlı yazıları, təbrikləri, uşaqlarıyla bağlı maraqlı nə varsa, toplayırdı. Hətta qızının yazdığı təbriki də mənə göstərmişdi. Vurğun bəyin çox qabiliyyətli övladları var. Çox savadlı, nəcib, yüksək insani keyfiyyətlərə malik həyat yoldaşı Sima xanım özü orta məktəblərin birində müəllim kimi çalışırdı. Görünür, hər ikisinin birgə çalışmaları, övladlaının üstündə əsməyi öz nəticəsini vermişdi. Təbrik məktubunda da hər şey görünürdü. Bunu demək nə qədər acı olsa da, Vurğun bəyin vəziyyəti ağırlaşanda qızı atasının yanından əl çəkmirdi. Vurğun bəylə Sima xanımın həyatdakı ən böyük uğurları o iki qızlarıdır və düşünürəm ki, savadları, bilikləri, tərbiyələrinə görə öz yerlərini tutacaq, atalarının da böyük adını qoruyub saxlayacaqlar. Bu, birmənalıdır.

KARUSEL / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 26-09-2019, 16:42