mobil versiya

Yanvarda dəm qazından 141 zəhərlənmə faktı baş verib



Yanvar ayında nöqsanlar səbəbindən respublika üzrə ümumi 141 zəhərlənmə faktı baş verib.
Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, “Azəriqaz” yanvar ayından etibarən istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrə başlayıb və yanvar ayında 150 mindən çox texniki müayinələr keçirilib.
“Bunun nəticəsində qeydə alınan əsas çatışmazlıqlar: qaz qurğuları quraşdırılan otaqların normativ tələblərə uyğun olmaması və yaxud dəfələrlə qeyd edildiyi kimi özbaşına müdaxilələrin olması, həmçinin ən böyük problemlərdən biri olan vanna otaqlarında quraşdırılan qazla işləyən qurğuların istismar ömrünü başa vurmasıdır.
Fevral ayında respublika üzrə dəm qazından 7, yanvarda isə 8 ölüm hadisəsi qeydə alınıb. Bu hadisələrdən 3-ü bina evində, digərləri isə həyət evlərində baş verib. Müvafiq orqanlar tərəfindən bu hadisələrin araşdırılması davam edir. Hadisələri analiz edən zaman görürük ki, qaz sızmasına səbəb tüstü bacalarının olmaması və cihazların istismar müddətini başa vurmasıdır.
Ümumiyyətlə, həyət evlərində isə tüstü bacası anlayışı yoxdur. Biz bununla bağlı tədbirlər görürük. Belə ki, Bakı şəhəri üzrə keçən dövr ərzində 4300-ə qədər, rayonlarda isə 2000-ə qədər bu kimi problemi olan evlərin yararsız cihazlarının qaz təchizatı dayandırılıb.
Əksəriyyətində bu problemi aradan qaldırılıb, cihaz yenisi ilə əvəz olunaraq standartlara uyğunlaşıdırılıb və qaz təminatı bərpa olunub”, - deyə İlkin Behbudov vurğulayıb.

KARUSEL / HADİSƏ
Tarix: 9-02-2024, 15:31