mobil versiya

Dəm qazından zəhərlənmənin 95 faizi vanna otaqlarında baş verir



Dəm qazından zəhərlənmə hadisələrinin 95 faizi nöqsanlar səbəbindən vanna otaqlarında baş verir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, “Azəriqaz” yanvar ayından etibarən istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrə başlayıb və artıq respublika üzrə 100 minə yaxın evdə texniki müayinə keçirilib. Bakıda keçirilən texniki müayinələrin sayı 30 minə yaxınlaşır: “Əsas qarşılaşdığımız nöqsanlar bağlı yerlərdə qaz borularının quraşdırılması, vanna otaqlarında qapının içəri açılması, cihazların istismar müddətinin bitdiyi halda istifadə olunması, tüstü bacalarında sovurmanın olmaması, həyət evlərində tüstü bacalarının olmaması və daha bir çox bu kimi hallardır”.
Qurum rəsmisi diqqətə çatdırıb ki, qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı keçirilən yoxlamaların nəticələrinə dair reyestr yaradılıb və artıq fəaliyyətdədir. “Azəriqaz”ın respublika üzrə bütün Regional Qaz İstismarı idarələrinin yazdığı hər bir akt reyestrə daxil edilir. Həmçinin reyestr ümumrespublika şəbəkəsinə inteqrasiya olunduqdan sonra hər bir abonent ora daxil olub şəxsi kabinet yaradaraq, ona yazılan aktın skan variantını görə biləcək.
Şöbə rəisi qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına da toxunub. Qurum rəsmisi qış mövsümündə daha çox rast gəlinən neqativ halların yaşanmaması üçün qazdan istifadə və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb. Bildirib ki, yaşanan xoşagəlməz hadisələr bir çox hallarda abonentlərin məsuliyyətsizliyi səbəbindən baş verir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-01-2024, 13:22