mobil versiya

Dünya şöhrətli fotoqraf Reza Deqati Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bakıya gəlib



44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin 5-ci ildönümünü qeyd etmək məqsədilə dünya şöhrətli fotoqraf Reza Deqati Bakıya səfər edib.


Tanınmış fotoqrafın avqust və sentyabr aylarında Çin Xalq Respublikasının Hunan və Daxili Monqolustan bölgələrində, Gürcüstanda keçirilən Tsinandali Beynəlxalq Klassik Musiqi Festivalında, eləcə də Fransanın Toulouse, Bayonne və Labastide-Rouairoux şəhərlərində təşkil olunan sərgilərdə Azərbaycanın, xüsusilə Qarabağın müxtəlif bölgələrindən çəkilmiş fotoları nümayiş etdirilib.

Reza Deqati, Fransanın Poitiers – Saint-Benoît şəhərində yeni açılan “Image Garden”-da (Foto Bağı) əsərlərini xüsusilə Azərbaycanı, Qarabağı əks etdirən fotoları nümayiş etdirən ilk fotoqraf olub. XVI əsrə aid olan Saint-Benoît bölgəsində yaradılmış bu foto bağında açıq səma altında sərgilər üçün müasir mədəni məkan formalaşdırılıb və açılış Reza Deqatinin fotoları ilə müşayiət olunub. Sərgiləri ziyarət edənlər arasında məktəblilər, tələbələr və sənətsevərlər olub.


Qeyd edək ki, Reza Deqati 22 avqust – 7 sentyabr tarixlərində Çin Xalq Respublikasının Hunan və Daxili Monqolustan vilayətlərində keçirilən Beynəlxalq Foto Sənəti Federasiyasının (International Federation of Photographic Art – FIAP) IX Foto Görüşü beynəlxalq tədbirinə əsas çıxışçı və mentor qismində dəvət olunub.

Tədbir çərçivəsində o, 40 ölkədən və Çin Xalq Respublikasından olan 400-dən çox fotoqrafla birlikdə 15 gün ərzində müxtəlif bölgələrə səyahət edərək foto sənətinin ictimai təsir gücü və Qarabağ həqiqətləri mövzusunda təqdimatlar edib, şəxsi təcrübəsini bölüşüb.


Reza Deqatinin sözlərinə görə, tədbirdə iştirak edən fotoqraflardan yalnız biri – Türkiyə nümayəndəsi – Qarabağ haqqında obyektiv məlumatlara malik olub, digər iştirakçılar isə əsasən erməni mənbələrindən qaynaqlanan birtərəfli təsəvvürlərə sahib olublar.

Fotoqrafiyanın həqiqətlərin dünyaya çatdırılması üçün ən təsirli vasitə olduğuna inandığını bildirən Reza Deqati, bölgədə davamlı sülhün bərqərar olacağına və bu sülhün Azərbaycan xalqı ilə birgə qeyd ediləcəyinə inamını ifadə edib.


Reportyor.az

SAĞLAMLIQ / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:24