mobil versiya

Məşhur fotoqraf Reza Deqati Lozan konfransında Qarabağda ermənilərin törətdiyi qəddarlıqdan danışıb



İsveçrənin Lozan şəhərində məşhur fotoqraf Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub. Konfransda İsveçrədə Azərbaycan səfirliyinin diplomatları, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, eləcə də, jurnalistlər, fotosevərlər, yerli ictimaiyyətin nümayəndələri və Lozan şəhərinin rəsmiləri iştirak ediblər.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Konfransda Reza Deqati digər fotoşəkilləri ilə bərabər Qarabağda çəkdiyi seçilmiş fotolarını təqdim edib və fotolar haqqında ətraflı məlumat veribdir.
O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən danışaraq bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist getdiyini bildirərək, belə ədalətsizlik qarşısında ölkəmizə gələrək, baş verən hadisələri fotoaparatı ilə əbədiləşdirməyə qərar verib.
Birinci Qarabağ müharibəsinin, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Reza Deqati çəkdiyi şəkilləri nümayiş etdirib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.

Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında olmasından, ölkəmizə qarşı qərəzli mövqedən söz açıb. Reza Deqati İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan eləməsindən danışıb. Azərbaycan şəhər və kəndlərinin erməni silahlı qüvvələri tərəfindən darmadağın edilməsini əks etdirən fotoları nümayiş etdirib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri “Qafqazın Xirosiması” adlandırıblar.
Qarabağ müharibəsindən çəkdiyi şəkillərlə yanaşı R.Deqati Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitini əks etdirən fotolarının da nümayiş etdirib.
Sonda Reza Deqati konfrans iştirakçılarının suallarını cavablandırıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-04-2023, 10:05