Latviya Səfirliyi “Yer və göy arasında” adlı sərgi keçirəcək
Heydər Əliyev Mərkəzində “Yer və göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq.
Sərgi Latviya Respublikasının Prezidenti Egils Levitsin Azərbaycana rəsmi səfəri çərçivəsində təqdim edilir. Martın 9-da Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub.
Sərgidə Latviyadan İeva Kruumina (Ieva Krūmiņa) və dünyaşöhrətli fotoqraf Reza Deqatinin (Reza Deghati) əsərləri nümayiş olunacaq.
Tanınmış rəssam İeva Kruumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Kruumina eyni zamanda “Ornamental oxşarlıqlar: Xəzərdən Baltikə” adlı təqdimatın müəllifidir.
İeva Kruumina latviyalı məşhur şair və yazıçı Imants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarıcını çatdırır.
REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 40 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göyarasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeni və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
Heydər Əliyev Mərkəzində açılan budəfəki sərgi aprelin 3-dək davam edəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-03-2023, 19:58