Bəzi özəl müəssisələr tibb heyəti ilə müqaviləsiz əməkdaşlıq edir - SN

Bu barədə 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova danışıb.
Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar. Lakin yoxlamalarda məlum olur ki, bəzi müəssisələr müqaviləsiz əməkdaşlıq edir.
T.Həsənova bildirib ki, yoxlamalar zamanı müəssisənin tibbi personalına dair şəxsi işlər araşdırılır. Bundan əlavə, əmək müqaviləsi bağlanmış şəxslərin məlumatları Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrində yoxlanılır.
Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması və ya müddətinin bitdiyi aşkarlanır.
Əgər müqavilə yoxdursa, pasiyentin sənədləri, qeydiyyat vərəqələri yoxlanılır. Pasiyentə tətbiq edilmiş bütün müayinələr, analizlər və müalicələr qeyd olunmalıdır. Qeydiyyatsız şəxslər aşkar edilərsə, reyestr vasitəsilə araşdırma aparılır.
Vətəndaşlar, dövlət orqanları və ya media tərəfindən daxil olan əsaslı müraciətlər nəticəsində faktlar yoxlanılır.
Həmçinin, İXM-in 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”.
Sonda T.Həsənova qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1-ci maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili və qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə görə, fiziki şəxslər 300-500, vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 manatadək məbləğdə cərimə edilir. Həmçinin, İXM-in 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”.(Trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:19