Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyətindən bəhs olunub, konstitusiyanın dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsində, cəmiyyətin inkişafında, siyasi sabitliyin təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynadığı vurğulanıb.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu baxımdan həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanıb. Qanunverici orqanlar arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli platformalarda genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.Tərəflər bu ay İslamabadda keçirilən Azərbaycan, Pakistan, Türkiyə parlamentlərinin sədrlərinin Üçüncü Üçtərəfli Görüşünü məmnunluqla xatırladaraq, onun nəticələrini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, həmin görüş ölkələrimiz arasında parlamentlərarası və dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verib.
Reportyor.az KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 19:14


























