mobil versiya

“Zəngəzur dəhlizinə 6 kilometr qaldı” xəbəri rəsmən təsdiqləndi




Azərbaycan və Ermənistan arasında razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə var, Bakının Tehranla memorandumu İrəvanı hərəkətləndirib, Rusiya da Qərbə “dağ çəkmək” üçün bu işdə maraqlıdır - ekspertlərin mövqeyi


Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı baş nazir müavinlərinin həmsədrlik etdikləri Üçtərəfli İşçi Qrup fəaliyyətini davam etdirir. “Yeni Müsavat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Moskvada Üçtərəfli İşçi Qrupun X iclasında, eləcə də Peterburq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub. “Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur. Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər”, - deyə o bildirib.

Yada salaq ki, ötən həftə Rusiyanın “İzvestiya” nəşri Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi üzrə avtomobil yolu ilə bağlı razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə qalması barədə xəbər yaymışdı. Bildirilirdi ki, baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutun istiqamətlərini razılaşdıra biliblər. Orada dağlar var və Rusiyanın “Avtodor” şirkəti ora mütəxəssislər göndərir ki, məsələnin mühəndis həllini tapsınlar", - mənbə bildirib. Nəşrə danışan mənbənin sözlərinə görə, marşrut Ermənistan tərəfdən Araz çayının paraleli ilə keçəcək. Qalan hissədə 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisindən keçərək Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq. Mənbə izah edib ki, onlar gələcək dəhlizin demək olar ki, bütün xətti boyunca qorunub saxlanılıb, ancaq Naxçıvan və Ermənistanla sərhəddə bir hissə qalıb. O aydınlaşdırıb ki, Bakı bu ilin martında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən Naxçıvana yolun çəkilməsi niyyəti ilə bağlı Tehranla memorandum imzaladıqdan sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da təsdiqləmişdi. Onun sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirirlər. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavininin dedikləri Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın yaxınlarda mümkün olacağını bir daha təsdiqləyir. Aydındır ki, Rusiya indilikdə ABŞ və Avropa Birliyinə rest çəkmək üçün Azərbaycanla Ermənistan arasında razılaşmanın olmasında maraqlıdır. İlkin olaraq bu, kommunikasiyaların açılması ola bilər. Rusiya bu razılaşmanı icra edə bilsə, regionda əsas skripka rolu oynadığını sübut etmiş olacaq.
Politoloq Murad Sadəddinov “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube

Bu mövzuda proqnozlarını “Yeni Müsavat”a danışan politoloq Murad Sadəddinov vurğuladı ki, Azərbaycanla Ermənistan müharibədən sonra üç istiqamətdə fəaliyyət aparır: sülh müqaviləsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və sərhədlərin müəyyən edilməsi. Onun sözlərinə görə, bu üç sahədə hələlik ən çox irəliləyiş nəqliyyat-kommunikasiyalarla bağlıdır: “Bilirsiniz ki, dəmir yolu ilə bağlı razılaşmalar artıq həllini tapıb, bu da səbəbsiz deyil. Çünki Naxçıvanla Şərqi Zəngəzuru birləşdirən dəmiryol xətti əvvəldən var idi, indi onu bərpa etmək texniki baxımdan çətin deyil. Avtomobil yolunun bərpasına gəlincə, həqiqətən də 5-6 kilometrlik yer qalıb ki, o da dağlıq hissədir, bunu mütəxəssislər müəyyən etməlidir. Səmimi desək, Azərbaycan Şərqi Zəngəzurdan 6 cərgəlik avtoban tikir və burada çətinliklər olur. Ona görə koridorla bağlı həllini tapmayan yeganə məsələ şərtlərdir. Yəni Azərbaycan vətəndaşlarının yoxlanılması mövzusu dəqiqləşdirilməlidir”.

Ekspertin fikrincə, Ermənistana müxtəlif xarici güclər təzyiq edə bilir və İrəvan tez-tez 180 dərəcə mövqeyini dəyişir: “Bu məsələdə də belədir. Burada əsas faktor Türkiyə və Azərbaycandır. Rusiya da maraqlı olmalıdır ki, bu problemlər həllini tapsın. Əks halda, ona rəqabətdə olan Brüssel platforması aktivləşəcək. Rusiya Avropa Birliyinin fəallığına imkan vermək istəmir. Üstəlik, Rusiyanın Ermənistana yolu yoxdur, Gürcüstanın Lars ərazisindən keçir, o da tez-tez relyef baxımdan çətinliklər yaradır, yük daşımaq gücü aşağıdır. Ona görə Zəngəzur dəhlizi açılacaq, mən buna həmişə inanmışam”.
Azad MƏSİYEV


Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bildirdiyinə görə, 10 noyabr sazişinə imza atan və qarant dayanan Rusiya lideri Vladimir Putindir: “O baxımdan, Rusiya prezidenti öz sözünün üstündə duran rəhbərlərdən biri kimi razılaşmanın həyata keçməsinin tərəfdarıdır. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasında Rusiyanın strateji maraqları var. Çünki Ukrayna müharibəsi səbəbindən Kremlin Qərblə əlaqələri kəsilib və indi Şərqə doğru əlaqələri inkişaf etdirməyi daha çox hədəfləyib. Bundan əlavə, Rusiya Türkiyə ilə münasibətləri də genişləndirmək niyyətindədir ki, burada Zəngəzur dəhlizi mühüm rol oynayır”. Ekspertin fikrincə, Moskvanın Zəngəzur dəhlizinin açılmasında həm iqtisadi-siyasi maraqları var, həm də buna nail olmaqla beynəlxalq aləmdə bir divident qazanmağa çalışacaq.

MANŞET / BANNER / KARUSEL
Tarix: 8-07-2022, 10:00