Bu gün Çay Günüdür
Hər il dekabrın 15-də dünyanın aparıcı çay istehsalçısı statusuna malik olan bütün ölkələr Çay Gününü - Yer kürəsinin ən qədim və ən sağlam içkilərindən birinin bayramını qeyd edirlər. Onu başqa bir tarixlə - 2019-cu ildə BMT tərəfindən təsis edilən Beynəlxalq Çay Günü ilə qarışdırmaq olmaz.
Bu günün məqsədi hökumətlərin və vətəndaşların diqqətini çay satışı problemlərinə, çay satışı ilə işçilərin, kiçik istehsalçıların və istehlakçıların vəziyyətinə münasibətinə cəlb etmək və təbii ki, bu içkinin populyarlaşmasıdır.
2004-cü ildə Hindistan və 2005-ci ildə Braziliyada keçirilən Ümumdünya Sosial Forumu zamanı bir çox beynəlxalq təşkilatlarda və həmkarlar ittifaqlarında dəfələrlə aparılan müzakirələrdən sonra dekabrın 15-də bayramın qeyd edilməsi qərarı verilib. Məhz bu gün 1773-cü ildə Dünya Çay İşçilərinin Hüquqları Bəyannaməsi qəbul edilib.
Bayram rəsmi olmasa da, bəzi ölkələr tərəfindən (lakin əsasən Asiya ölkələrində) geniş şəkildə qeyd olunur. Müvafiq olaraq Çay Günü əsasən iqtisadiyyatlarında çay istehsalı əsas yerlərdən birini tutan ölkələr tərəfindən keçirilir.
Çin imperatorunun təxminən 5 min il əvvəl daddığı çayı içirik
Ehtimal olunur ki, çayı içki kimi Çinin ikinci imperatoru Şen Nunq eramızdan əvvəl 2737-ci ildə çay ağacının yarpaqlarını bir stəkan qaynar suya batırarkən kəşf edib. Təsəvvür edin ki, indi Çin imperatorunun təxminən 5 min il əvvəl daddığı çayı içirik!
400-600-cü illərdə Çində müalicəvi içki kimi çaya maraq artdı və buna görə də çaybecərmə prosesləri inkişaf etdi. Avropada çay 17-ci əsrin birinci yarısında məlum oldu. Çayın müasir tarixindəki ən məşhur hadisələrdən biri isə 1773-cü il dekabrın 16-da Bostonda baş verib. Belə ki, həmin tarixdə amerikalı kolonistlər Britaniyanın çay vergisinə etiraz etmək üçün Boston limanına yeşiklər atıblar.
Bu gün bir çox çay həvəskarları dəmləməklə yanaşı, sevimli içkisinə müxtəlif göyərti, zəncəfil, ədviyyat və ya portağal dilimləri əlavə edirlər. Bəzi xalqlar çayı südlə dəmləyirlər. Bir çox ölkələrin öz çay içmək ənənələri var, lakin bir şey dəyişməz olaraq qalır - çay planetin ən sevimli içkilərindən biri olmaqda davam edir.
Azərbaycanda çayçılıq
Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənayemiqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənib, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilib. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaradıb, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin edib.
Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir.
Azərbaycanda çay mədəniyyəti özünəməxsus şəkildə formalaşıb. Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.
Bu ilin 10 ayı ərzində 29,2 min ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Həmin dövrdə ölkəmizdə 9645,1 ton çay istehsal edilib. Yanvar-sentyabr aylarında 505,9 ton çay ixrac olunub. Doqquz ay ərzində idxal 9710,2 ton təşkil edib.
Çayiçmə ənənələri
Azərbaycanda çay adətən, armudu stəkanda içilir. Çay süfrəyə, adətən, şirniyyat, çərəz və limonla birlikdə verilir. Ölkəmizdə susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, hər şeydən öncə, qonağa hörmətin əlaməti sayılır.
Azərbaycanda keçirilən elçilik mərasimlərində çay xüsusi yer alır. Mərasimin sonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi buna dəlalət edir.(azərtac)
MARAQLI / KARUSEL
Tarix: 15-12-2023, 15:53