mobil versiya

Artanlar, azalanlar - o cədvəl nədən xəbər verir?


Sosial mediada maraqlı statistik göstəricilərdən ibarət cədvəl yayılıb. Cədvəl SSRİ-yə daxil olan müttəfiq respublikaların 1989-cu ildəki və indiki demoqrafik durumunu, əhalisinin sayını göstərir.

Cədvəldə ilk gözə çarpan məqam odur ki, SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikanın 6-da əhali artımı qeydə alınıb, 9-da isə azalma.

Maraqlısı odur ki, əhalisi azalanlar xristian ölkələridir, əhalisi artanlar isə müsəlman respublikalarıdır.

Əhali artımının ən çox qeydə alındığı respublika Tacikistandır. Son 30 ildə bu ölkənin əhalisi 5 milyondan (rəqəmlər yuvarlaq götürülür) artaraq, 9 milyonu keçib. Taciklər 78 faiz artımla birinci yerdədir.

Daha sonra 69 faiz artımla özbəklər gəlir. Özbəkistanın əhalisi 1989-cu ildə 20 milyona yaxın idisə, hazırda 33 milyondan artıqdır - həm də 250 min nəfər.

Türkmən qardaşlarımız da, necə deyərlər, bekar oturmayıblar. Xatunlar son 30 ildə dünyaya 2 milyondan çox türkmən gətiriblər.

Qırğızlar bizi 1 faiz qabaqlayır, onlarda artım faizi 43, bizdə 42-dir. Sadəcə, biz 3 milyon nəfər artmışıq, qırğızlar 2 milyon nəfər. Onlar 4 milyondan artıb 6 milyon olublar, bizim 7 milyon isə çoxalıb 10 milyonu keçib.

Qazaxların rusifikasiya siyasətinə daha çox məruz qaldıqları haqqında qənaət bu cədvəldən də görünür. Onlar daha az artıblar - cəmi 12 faiz. 1989-cu ildə Qazaxıstanın əhalisi 16 milyon 500 min nəfər olub, indi 18 milyon 500 min nəfərdir.

Ancaq yuxarıda dediyimiz kimi, ittifaqa daxil olan xristian ölkələrində əhali azalıb.

Ən az azalma Rusiyadadır. Bu ölkənin əhalisi 30 il qabaq 147 milyon nəfər idi, indi 146 milyondur. Amma bu, reallığı əks etdirmir. Əslində Rusiyada azalma daha çox olmalıdır. Sadəcə, digər 12 ölkənin (Baltikyanı ölkələr xaric) əhalisinin bir qismi, milyonlarla insan Rusiyaya axışıb və bu hesaba görə Rusiyanın demoqrafik durumundakı kəsir az görünür.

Müvafiq göstərici Ukraynada daha fərqlidir - 18 faiz. Bu ölkənin əhalisi 51 milyondan (1989) 42 milyona (2019) düşüb. Görünür, burada ukraynalıların “xoşbəxt Avropa”ya və “böyük qardaş”a pənah aparması amili də böyük rol oynayır.

1989-cu ildə bizdən 3 milyon nəfər çox olan belaruslar hazırda bizdən 1 milyon nəfər azdırlar. Bu ölkənin əhalisi 9 milyona enib.

“Ermənilər Ermənistandan qaçır” xəbəri bizdə çoxdan lağlağı predmeti olsa da, bu həqiqətə uyğundur. Ermənilər son 30 ildə artmayıblar, əksinə, azalıblar - 3 milyon 200 min nəfərdən 2 milyon 900 min nəfərə düşüblər. Yəqin ki, ermənilər başqa ölkələrdə artıblar, çünki mühacirətə daha çox meyllidirlər.

Gürcülər də azalıblar - 31 faiz. Qərb qonşularımız 30 il əvvəl 5 milyon yarım imişlər, indi 3 miyon 700 mindirlər.

Ən çox azalma isə moldovanların payına düşür (1989-da 4 milyon 300 min, indi - 2 milyon 700 min). Görünür, bir xeyli moldovan Rıminiyaya köçüb, “bir millət-iki dövlət” amilindən yararlanıblar.

Ancaq xristian ölkələrindəki əhali azalmasını mühacirətlə bağlamaq düzgün olmaz, əsas məsələ bu ölkələrin əhalisinin dəyişən-dönən dövrana adekvat reaksiya verməsi, nəsilartırma işinə məsuliyyətlə yanaşmasıdır.

Sovet hökuməti ucuz işçi qüvvəsi əldə etmək, xam torpaqları məskunlaşdırmaq üçün əhali artımını təşviq edir, çoxuşaqlı ailələrə güzəştlər tətbiq edirdi. Müsəlman respublikalar bu kampaniyaya dizləri yerə gələnə qədər dəstək verirdilər.

Belə anlaşılır ki, müsəlman ölkələri hələ də o moddadırlar və bir ailədə ən azı 3 uşaq olmasını təmin edirlər. Xristian ölkələri isə “bir-iki övlad olsun, yaxşı təhsil alsın, evi-eşiyi, işi olsun, artıq əziyyət çəkməsin” prinsipi ilə yaşayırlar. Bir övladı yerbəyer etməyə nə var ki? Təhsil verdin, vəssalam. Hamısının atadan qalma evi, maşını olur, asudə yaşayırlar.

Ancaq Özbəkistanda artmış 13 milyon insanın yerbəyer olması, cəmiyyətdə özünə yer tutması, ev-eşik qurması böyük problemdir. Valideynlər ən uzağı iki övlada yaxşı təhsil verə, onlara ev-eşik qura bilər, yerdə qalanların həyat yollarında əziyyət çəkəcəkləri şəksizdir.

Ona görə də bu statistik məlumat heç də bizim durumda olan ölkələrin üstünlüyü deyil. Say artımı boş şeydir. Əhali təhsilli, tərbiyəli, maddi təminatlı fərdlərin hesabına artmalıdır.

SON XƏBƏR / KARUSEL / YAZARLAR
Baxılıb: 31 Tarix: 31-10-2019, 12:28


Şərh bildir
yenilə, əgər kod görünmürsə