mobil versiya

“İndiki seriallar çox səviyyəsizdir” – Rasim Balayev ŞİKAYƏTLƏNDİ




Bu gün Azərbaycanda kino sahəsi əksər ölkələrlə müqayisədə xeyli geridə qalır. Dövlət tərəfindən bu sahəyə diqqət göstərilməsinə baxmayaraq, kinomuz hələ də əvvəlki şöhrətini özünə qaytara bilməyib. Doğrudur, son dövrlərdə müxtəlif serial və filmlərin çəkilməsinin şahidi oluruq, lakin keyfiyyət və məzmun baxımında bu ekran işləri o qədər də böyük izləyici kütləsi toplaya bilmir, əksər hallarda tənqidlərə tuş gəlir.

Buna səbəb nədir? Niyə kino sahəsi inkişafdan geri qalır?

Azərbaycanın Xalq artisti Rasim Balayev mövzu barədə Modern.az-a fikrini bildirib. Aktyor qeyd edib ki, kino ilə əlaqəsi olmayan şəxslərin bu sahəyə gəlişi qəbuledilməzdir. Onun sözlərinə görə, ilk növbədə problemlərin kökündə kino sahəsindəki təsadüfi adamlar dayanır:

“Ölkədə tək-tük rejissor var. Sovet dövründə pis, yaxşı bir estafet vardı, sonra SSR-i dağılandan sonra ora da sıradan çıxdı, talandı. Bizə kino çəkmək üçün yer verirdilər, gənclər bu sahə üzrə Moskvada dərs alırdılar, sovet dönəmindən sonra bu zəncir qırıldı. Hazırda çəkdikləri seriallar çox səviyyəsizdir, bunu deyəndə acıqlarına gəlir, ancaq olanı deyirəm.

Kino ilə əlaqəsi olmayanlar kino çəkir, ssenari yazır. Elə bilirlər ki, kinonun öhdəsindən hamı gələ bilər, ancaq illərin təcrübəsinə dayanıb deyirəm ki, belə bir şey mümkün deyil, hər adam kino ilə başa çıxa bilməz. Əvvəllər Nazirlik səviyyəsində kino komitəsi var idi, sonra Mədəniyyət Nazirliyinin tərkibində bunu kiçik bir şöbəyə çevirdilər”.

Sevilən aktyor xatırladıb ki, vaxtilə kinostudiyada 1200 nəfər çalışırdısa, indi bu say 10-15 nəfərə enib:

“Səviyyə, fərq bu saydan bilinir. O vaxt yaxşı dublyajlar edirdik, 4 film böyük ekran üçün, 4 film isə mərkəzi televiziyanın sifarişi ilə çəkirdik, indi belə şeylər yoxdur. 1990-cı ildən sonra 6 il Azərbaycan kinosu maliyyələşdirilmədi. Bayaq dediyim kimi, qırılan zənciri tapa bilmirik. O vaxt yaxşı ssenari yazanlardan biri sağ qalıb, o da Ramiz Fətəliyevdir. Hazırda onun ssenari yazıb-yazmadığından xəbərim yoxdur. Kinonun normal vəziyyətə gəlməsi üçün illərimizi vermişik, indi onu bərpa etmək üçün təcrübəli kadrların hazırlanmasına illər sərf etməlidir.

O vaxt gənc nəslə başqa cür yanaşılırdı, fərd kimi onlara, gördükləri işə qiymət verilirdi, bu gün isə bunlar yoxdur. Kinonun acınacaqlı vəziyyətdə olmasının səbəbi çoxdur. Savadlı, təcrübəli 5-10 nəfər gənci bir yerə toplayıb demirlər ki, ay bala, nə təklifiniz var, nə etmək istəyirsiniz. Kinoya bir eşq, bağlılıq var idi, gənclər az maaş alsalar da, həvəslə işləyirdilər. İndi bunlardan əsər-əlamət yoxdur”.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-02-2022, 16:30