Eynşteynin zaman fərziyyəsi sübuta yetirildi
Yer səthindən hündürlük artdıqca ağırlıq qüvvəsinin zəifləməsi ilə bağlı zamanın daha yavaş keçməsi barədə Albert Eynşteynin məşhur nisbilik nəzəriyyəsi çərçivəsindəki fərziyyəsi sınaq yolu ilə sübuta yetirildi.
“Report” “The Mainichi”yə istinadən xəbər verir ki, Tokioda yerləşən dünyanın ən hündür televiziya yayımı qülləsi olan “Tokyo Skytree”də Tokio Universitetinin professoru Hidetoşi Katorinin rəhbərliyi ilə keçirilən sınaqda saniyənin 18 rəqəmlə ifadə edilən (yüz trilyonda bir) hissəsini ölçməyə qadir olan, yəni orta hesabla 30 milyard ildə bir saniyəlik xətaya yol verən yüksək dəqiqliyə malik 2 ədəd optik saatdan istifadə edilib.
Həmin saatlardan biri qüllənin 450 metr hündürlükdəki tamaşa meydançasına, o birisi də birinci mərtəbədə yerləşdirilib.
Aparılan müşahidə nəticəsində yuxarıda zamanın daha ləng, yəni hər gün 4,3 nanosaniyə (4,3/1.000.000.000.000 - milyardda 4,3 saniyə) gec keçdiyi müəyyənləşdirilib. Bu göstərici ildə 1,6 mikrosaniyə, yəni milyonda 1,6 (1,6/1.000.000) saniyəlik fərq deməkdir.
Tədqiqatçıların fikrincə, belə optik saatlar hündür dağ zirvələrində və okeanın dibində yerləşdirilməklə Yer qabığının dəyişkənliyi barədə məlumat almağa, habelə yeni ölçü sistemləri hazırlamağa kömək ola bilər.
Qeyd edək ki, kuantum elektronikası üzrə mütəxəssis olan professor H.Katori kuantum hissələri əsasında çalışan optik saatlarla bağlı konsepsiyasını 2001-ci ildə açıqlamış, həmin tədqiqatın fizika üzrə Nobel mükafatına təqdim etməsini belə istəyənlər olmuşdu.
MARAQLI / KARUSEL
Tarix: 9-04-2020, 15:13