Qırğız nümunəsi - yerə tüpürənin cəzası
Xanhüseyn müəllimin çıxışına 1 milyon status, 2 milyon da şərh həsr edildiyindən artıq dadı qaçmış söhbət olsa da, bir-iki kəlmə də mən yazım, sonra başqa söhbətə keçərəm.
Rusların bir yaxşı atalar sözü var, deyirlər, “starost - ne radost” (yəni “qocalıq fərəhli bir şey deyil”). Həmin məsələdir. Adam qocalıb, yaddaşı zəifləyib, dincələn vaxtıdır.
Bilirəm, bu yerdə mütləq dörd-beş baməzə adam tapılacaq ki, rəhmətlik Molla Nəsrəddinin öz cavanlığı ilə bağlı dediyi səmimi replikanı yada salacaq, amma yenə də o fikirdəyəm ki, Allah-təbərəkü-təala heç kəsi sinninin bu çağında dəyirmi masada çıxış etməyə məcbur qoymasın. Amin!
Baxın, bizdə iqtisadi məsələlərdən bu sayaq danışıldığı və heç kəsin heç nə başa düşmədiyi bir zamanda qırğızıstanlı qardaşlarımız dövlət büdcəsini doldurmağın, eyni zamanda milləti tərbiyə etməyin yolunu tapıblar.
Saytlar xəbər verir ki, bu ilin 9 ayı ərzində Qırğızıstanda ictimai yerlərdə pozuntularla əlaqədar 11.5 min protokol tərtib edilib və dövlət büdcəsinə 84 min dollar həcmində vəsait daxil olub.
Bəs “icitmai yerlərdə pozuntular” dedikdə nə nəzərdə tutulur? Hessad, nəzərdə tutulmayan yerdə siqaret çəkmək, yerə tüpürmək, günəbaxan tumu çırtlamaq və s.
Qırğız qardaşlarımız bu işin çəmini tapıblar, polislər kol arxasında daldalanıb gözləyir, kimsə tum çırtlayıb yerə tökəndə, asfalta tüpürəndə böyürdən çıxırlar, deyirlər, urmattu jaranı (yəni “hörmətli vətəndaş”) belə etmək düzgün deyil.
Bəli, yerə tüpürən şəxs ilk dəfə tutulanda cərimələnmir, ona xəbərdarlıq edirlər, amma görəndə ki, adam tüpürə-tüpürə, tum çırtlaya-çırtlaya gedir, deyirlər, gəl dövlət büdcəsinə xeyir ver, bu pis vərdişini də tərgit.
Əslində belə anlaşılır ki, qırğız məmurların qəsdi dövlət büdcəsini doldurmaq deyil. 9 ayda 84 min dollar nədir ki? Bu, bizdəki orta ranqdan bir az aşağı rüşvətxorun bəyənib götürmədiyi, “get, 16 min də əlavə elə, üstünü düzəlt, gətir”dediyi məbləğdir. Düzdür, belə adamların da pulu bir növ tüpürcəkdən çıxır, amma bir var, üzütüpürcəkli olub çox pul qazanasan, bir də var yerə tüpürməyə görə cərimə olunasan. Fərqli şeylərdir.
Görünür, qırğız qardaşlar belə cərimələrlə millətin tərbiyəsini düzəltmək, onların pis vərdişlərdən xilas olmasını istəyirlər. Bəs necə? Adama yüz dəfə deyərsən ki, maşınların sürətlə hərəkət etdiyi yolda yolu keçmə, eşitməz, amma bir dəfə 20 manat cərimə edərsən, quzu kimi yeraltı (və ya yerüstü) keçidə yönələr.
Qırğızıstanda da elə edirlər, cərimələnənlərlə yanaşı 5500 vətəndaşa da xəbərdarlıq edilib. Digər qanun pozuntularına görə cərimələrin ümumi məbləği isə 36 milyon 229 min som (təxminən yarım milyon dollar) olub. Göründüyü kimi, bu da girli məbləğ deyil.
Bizim BNA o pulu 2-3 günün içində toplayır. Yol qırağında saxlayan avtomobil gördülərmi, xəbər agentliyinin fotoreportyorları qədər çevikliklə şəklini çəkirlər. Hətta bir də görürsən, yol getdiyi yerdə adama evindən təcili zəng gəlir, o da maşınını saxlayır ki, telefonla danışdığına görə cərimələnməsin. Bu dəfə də BNA əməkdaşları çatıb maşının şəklini çəkirlər və cərimə yazırlar. Adam da gözəgörünməzə şükür edir ki, heç olmasa canını 20 manatla qurtarıb.
Şəxsən, məndən olsa, biz də hayxırıb yerə tüpürən, burnunu lılığını meydançaya tökən futbolçular kimi edən, parklardakı skamyada oturub tum çırtlayan, maşının pəncərəsindən yola sellofon torba, banan qabığı, boş siqaret qutusu, yanan siqaret kötüyü və sair və ilaxır, yüz bir adda zir-zibil atanları cərimələyərlər.
İdeya vermək kimi olmasın, bu sayədə dövlət büdcəsinə xeyli pul gələr və o pulu gündə biri harın sürücülər tərəfindən vurulub öldürülən süpürgəçilərin maaşına əlavə etmək, ya da ölümündən sonra ailəsinə təzminat kimi vermək olar.
Bir də baxarıq ki, Xanhüseyn müəllim demişkən, ABŞ kimi 194-cü yerdən 74-cü yerə düşmüşük - əlbəttə ki, təmizkarlıqda, şəhəri zibilləməməkdə.
P.S. Yeri gəlmişkən, 1930-cu ildə dünyadakı dövlətlərin sayı heç 74-ə çatmırdı, yüzdən artığı bizim kimi müstəmləkəydi - Hindistandan Banqladeşə qədər.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 30-10-2019, 14:54