Qətər Dövləti Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində Qətər Dövləti fəxri qonaq qismində iştirak edəcək.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qətər tərəfi sərgiyə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılacaq.
Sərginin beynəlxalq salonunda Qətərin özünəməxsus mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya təqdim ediləcək. Bundan əlavə, uşaqlar üçün nəzərdə tutulmuş xüsusi zonada kiçik yaşlı ziyarətçilər üçün interaktiv təqdimatlar, uşaq ədəbiyyatı nümunələri və mədəniyyət proqramları təşkil olunacaq.
Sərgi müddətində paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.
Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:23