mobil versiya

Beynəlxalq axtarışda olan 4 nəfər Rusiyadan ölkəmizə ekstradisiya edilib



“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Daşdəmirov Elturan Emil oğlu, Məmmədov Sərxan Oqtay oğlu, Abbasov Pərviz Qəzənfər oğlu və Dadaşzadə Aydın Ayaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Elturan Daşdəmirovun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilən adam oğurluğu, Sərxan Məmmədovun xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və rüşvət verməyə təhrik etmə, Pərviz Abbasovun on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, Aydın Dadaşzadənin isə külli miqdarda mənimsəmə və ya israf cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər cari ilin oktyabrın 16-da Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-10-2023, 10:02