mobil versiya

Gəlir bəyannamələrinin tətbiqi




Hazırda dünyanın əksər ölkələrində korrupsiyanın qarşısının alınması və onunla mübarizə məqsədilə publik vəzifəli şəxslərin gəlirlərinin və aktivlərinin bəyan edilməsi sistemi tətbiq edilib. Gəlirlərinin və aktivlərinin bəyan edilməsi sistemi korrupsiyanın qarşısının alınması və korrupsiya ilə mübarizədə səmərəli vasitə kimi korrupsiyaya əleyhinə mühüm beynəlxalq standartlardan biri hesab olunur.

Gəlirlərinin və aktivlərinin bəyan edilməsi sistemi publik vəzifəli şəxslərin maddi pifah vəziyyətinin dəyişilib-dəyişilməməsinin monitorinqini aparmağa, gəlirləri ilə xərclərini müqayisə etməyə imkan verir. Gəlir bəyannamələri vəzifəli şəxslərin rəsmi əmlak vəziyyətinbə nəzarət etmək üçün zəruru məlumatların toplanması və işlənməsinə, şəxsin əmək haqqı və digər qanuni mənbələrlə əlaqədar olmayan aktivləri və gəlirlərini aşkara çıxarmağa imkan verən bir sənəddir.

Gəlirlərinin və aktivlərinin bəyan edilməsi sistemi publik vəzifəli şəxslərin hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanmasının qarşısını almağa, sui-istifadəyə yol verən vəzifəli şəxsləri aşkar edərək məsuliyyətə cəlb etmək üçün qanuni tədbirlər görməyə yönəldilib. Bu sistem həmçinin vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasına yol verməmək üçün səmərəli vasitələrdən biri hesab olunur.

Son nəticədə gəlirlərinin və aktivlərinin bəyan edilməsi sistemi publik vəzifəli şəxslərin fəaliyyətində, bütövlükdə dövlət idarəetmə prosesində şəffaflığın artırılmasına, ölkənin siyasi rəhbərliyinə və inzibati elitasına vətəndaşların inamının və etimadının yüksəlməsinə əhəmiyyətli təsir göstərə bilər.

Qeyd etmək lazımdır ki, gəlirlərinin və aktivlərinin bəyan edilməsi sistemi korrupsiyanın qarşısının alınmasının çoxsaylı vasitələrindən biri olduğu üçün öz-özlüyündə korrupsiya problemini müstəqil şəkildə həll edə bilməz. Lakin gəlirlərin və aktivlərin bəyan edilmə sistemi düzgün şəkildə təşkil edildikdə və fəaliyyət göstərdikdə ölkədə korrupsiyaya qarşı mübarizənin ümumi sisteminin mühüm vasitələrindən birinə çevrilə bilər.

Publik vəzifəli şəxslərin gəlirlərinin və aktivlərinin bəyan edilməsinin müasir sistemi II Dünya müharibəsindən sonra formalaşmağa başlayıb. Bu məsələdə ABŞ təcrübəsi əhəmiyyətli rol oynayıb. Korrupsiyaya qarşı ilk qanunvericilik aktı 1889-cu ildə Böyük Britaniyada qabul edisə də, uzun müddət gəlirlərin bəyan edilməsi sistemi tətbiq edilməyib. Yalnız 1974-cü ildə İcmalar Palatasl parlament üzvlərinin maraqlar reyestrinin tətbiq olunması haqqında qərar qəbul etdi. Lakin konkret hansı maraqların bəyan edilməsi və qeydə alınması dəqiq müəyyən olunmadığından bir çox hallarda parlament üzvlərinin özlərinin mülahizəsinə buraxılırdı.

ABŞ-da federal səviyyəli publik vəzifəli şəxslərin özlərinin maliyyə vəziyyəti haqqında informasiyanın açıqlamasının zəruriliyi haqqında ilk siyasi tələb 1951-ci ildə prezident H.Trumenin Konqresə müraciətində öz əksini tapıb. Lakin müxtəlif səbəblərdən vəzifəli şəxslər tərəfindən gəlirlərin və aktivlərin bəyan edilməsi sistemi federal səviyyədə tətbiq edilməyib. Yalnız ayrı-ayrı ştatlar səviyyəsində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların açıqlanması sisteminin tətbiqi haqqında təşəbbüs göstərilib və bir sıra ştatlarda belə sistem tətbiq edilib.

Keçən əsrin 70-ci illərinin əvvəllərində digər ştatlarda da gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi və maliyyə xarakterli məlumatları təqdim etməli olan vəzifəli şəxslərinin və bəyan edilməli olan məlumatların dairəsinin genişləndirilməsi bir səra məhkəmə çəkişmələrinə gətirib çıxarıb. Bu məhkəmə çəkişmələrinin predmeti maliyyə xarakterli məlumatların açıqlanması tələbinin şəxsi həyatın toxunulmazlığına zidd hesab olunması idi. Bu məhkəmə çəkişmələrinin ümumi yekunu bundan ibarət oldu ki, dövlət informasiyanın açıqlanmasını tələb etməkdə haqlıdır.

Yalnız 1978-ci ildə ABŞ konqresi hökumət etikası haqqında qanunla federal səviyyəli publik vəzifəli şəxslərin özlərinin maliyyə vəziyyətləri haqqında bəyannamə təqdim etmələrini məcburi hesab etdi.

Qərbi Avropada gəlirlərin bəyan edilməsi sistemi keçən əsrin 80-ci illərinin əvvəllərindən tətbiq olunmağa başlanıb. 1982-ci ildə İspaniya və İtaliya, 1983-cü ildə Portuqaliya, 1988-ci ildə Fransa və sonrakı illərdə digər ölkələrdə bu sistem tətbiq olunub. Dünya Bankının məlumatına görə gəlirlərin bəyan edilməsi sistemi hazırda 150-dən çox ölkədə bu və ya digər formada tətbiq olunur.

Bu məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra edilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlamışdı.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-10-2023, 19:38