Şokolad - şirin ləzzət, şirin dad… Bu gün dünyada Şokolad Günü qeyd olunur

Hər il iyulun 11-i dünyada Şokolad Günü qeyd olunur. Həmin gün 1995-ci ildə fransızlar tərəfindən təqvimə daxil edilib. Şokoladın tarixi min illər əvvələ – Mərkəzi Amerikadakı qədim sivilizasiyalara, xüsusilə mayya və asteklərə qədər gedib çıxır. Onlar kakao dənələrindən acı içkilər hazırlayır və bunu müqəddəs hesab edirdilər. Asteklər kakaoya o qədər yüksək dəyər verilrdilər ki, 100 kakao dənəsinə bir kölə alına bilərdi.
Reportyor.az "Azərtac"a istinadla xəbər verir ki, bu barədə qida üzrə ekspert Seymur Qafarov şokolad barədə danışarkən deyib.
Onun verdiyi məlumata görə, Azərbaycanda şokoladdan XIX əsrin sonları və XX əsrin əvvəllərində istifadə olunmağa başlanılıb. O vaxtlar şokolad daha çox aristokrat və varlı ailələrin istehlak etdiyi lüks məhsul hesab olunurdu. Sovet dövründə şokoladın istehsalı genişləndirilib və əhali tərəfindən istehlakı sürətlənib.
Qida üzrə ekspert deyib: “Şokolad istehlak etməyin bir sıra faydaları var. Əsasən tünd şokolad (70 faiz və daha çox kakao tərkibli) ürək və damar sisteminə müsbət təsir göstərir, qan dövranını və əhval-ruhiyyəni yaxşılaşdırır, zehni fəaliyyətə dəstək olur, yaddaş və konsentrasiyanı gücləndirir, tərkibindəki təbii şəkər, yağ və kofein səbəbilə yorğunluğu azaldır, antioksidantlar sayəsində dərini ultrabənövşəyi şüalardan qoruyur, iltihab əleyhinə təsir göstərir. Lakin bununla yanaşı, şokolad piylənmə və şəkər xəstəliyi riski yaradır, ağızda bakteriyaların qidalanmasını artırır, allergik reaksiyalara səbəb olur, bağırsaq problemləri, sızanaq və dəri problemləri yarada bilər. Yüksək şəkərli şokoladların dəriyə mənfi təsir göstərməsi mümkündür”.
Ekspertin dediyinə görə, şokolad yalnız dadlı bir ləzzət deyil, həm də qədim mədəniyyətlərin bizə miras qoyduğu, sağlamlıq üçün faydalı ola biləcək bir məhsuldur. “Lakin hər şeydə olduğu kimi burada da əsas məsələ miqdar və düzgün seçimdir. Hər gün 20-30 qram tünd şokolad qəbul etmək kifayətdir. Südlü və ağ şokolad nadir hallarda və az miqdarda qəbul olunmalıdır. Uşaqlara şokolad 2 yaşdan sonra və həkim tövsiyəsi ilə verilməlidir. Axşam saatlarında şokolad istifadəsindən çəkinmək məsləhətdir. Onun yeməkdən dərhal sonra deyil, aralıq qida kimi qəbul edilməsi daha faydalıdır”, - deyə S. Qafarov diqqətə çatdırıb.
MARAQLI / KARUSEL
Tarix: Dünən, 12:54