"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib

İyulun 11-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “AzerGold” QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında “Daşkəsən” dəmir filizi sahəsində istehsal zəncirinin qurulması üzrə əsas mərhələlərdən birinin icrasına dair müqavilə imzalanıb. Bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə müqaviləni “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən Baş direktor Ceyhun Əliyev, “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti tərəfindən Baş menecer Hua Guanglin imzalayıb.
Məlum olduğu kimi, ölkəmizdə dəmir filizi yataqlarının öyrənilməsi və bu sahənin inkişaf etdirilməsi dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq icra edilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə 2020-ci ildə “AzerGold” tərəfindən törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb.
“Daşkəsən” dəmir filizi yataqları kompleksində istismar işlərinə ilk dəfə SSRİ dövründə başlanılıb. Ümumilikdə, 1954-1994 illər arasında burada istismarı ən əlverişli müəyyən edilən yataqda hasilat işləri və dəmir konsentratının istehsalı aparılıb, sonrakı dövrlərdə isə hasilat və istehsal fasilələrlə qismən həyata keçirilib. Sahədə filizlərin dəmir tərkibinin nisbətən aşağı olması, filizlərin yerin daha dərin qatlarında yerləşməsi, üstaçma əmsalının yüksəlməsi ilə nəticələndiyi, ölkənin birbaşa beynəlxalq sulara çıxışının olmadığından dolayı logistik xərclərin artması kimi amillər səbəbindən yataqda fəaliyyətin bərpa edilməsi cəhdləri uğursuz olub.

“Daşkəsən Dəmir Filiz” MMC tərəfindən yatağın səmərli və davamlı istismarının təmin edilməsi məqsədilə 2020-ci ildən etibarən burada geniş kəşfiyyat işləri aparılıb, mineral ehtiyatların beynəlxalq standartlara uyğun olaraq yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan ümumi ehtiyatlarda 70 milyon ton filiz kütləsinin artımı təsdiqlənərək 187.3 milyon ton təşkil edib.
Bundan əlavə, dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə ”Daşkəsən” yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69%-dək dəmir tərkibli konsentrat və 97%-dək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib.
Görülən kompleks işlər və müfəssəl təhlillər “Daşkəsən” yataqlar qrupunun kommersiya baxımından səmərəli və davamlı şəkildə işlənməsini təmin etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraflı bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına zəmin yaradıb. Belə ki, “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən 2024-cü ilin ortalarından etibarən bu sahədə ixtisaslaşmış bir sıra dünyamiqyaslı şirkətlərlə danışıqlar aparılıb, nəticədə, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti ilə əməkdaşlığın qurulması qərara alınıb.
Ümumi dəyəri 2 450 000 ABŞ dolları olan müqavilə
çərçivəsində 2 il ərzində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi mədənin ən optimal iqtisadi və ekoloji yanaşmalarını əhatə edərək, layihənin maliyyələşdirilməsi üçün müvafiq institutlar, potensial investorlar və banklar qarşısında əsas istinad sənədi kimi çıxış edəcək. Sənəd iqtisadi səmərli filizlərin həcmi və uyğun texnoloji həlləri, tikinti və mühəndislik işlərini əhatə etməklə yatağın tammiqyaslı işlənməsi üçün növbəti mərhələlərə keçid etməyə imkan yaradacaq. Çin şirkəti ilə yanaşı, sənədin hazırlanmasının müxtəlif lokal komponentlərində müvafiq yerli podratçıların xidmətlərindən istifadə ediləcək.

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 19:51