Şərqi Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq qurulacaq

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Şərqi Qazaxıstan vilayətinə işgüzar səfərlə gəlib. Diplomat regionun Akimi Nurımbet Saktaqanovla görüş keçirib.
Alim Bayel qeyd edib ki, Altay türklərin vətənidir və Azərbaycan turistləri üçün böyük potensial cazibəyə malikdir. Bundan əlavə, Şərqi Qazaxıstan vilayəti qarşılıqlı ticarətin, sənaye kooperasiyası və kənd təsərrüfatının inkişafı baxımından Azərbaycan üçün maraq kəsb edir. Onun sözlərinə görə, bu il Qazaxıstan Azərbaycanın əsas buğda tədarükçüsü olub və Azərbaycan taxıl idxalının 85 faizini təmin edib. Diplomat, eyni qaydada Şərqi Qazaxıstanın məşhur olduğu günəbaxan yağının da qardaş ölkəyə ixracının təşkilini təklif edib. A. Bayel günəbaxanın emalı ilə bağlı ortaq müəssisə yaradılması təşəbbüsünü irəli sürüb. Səfir həmçinin bildirib ki, bir sıra şərqi qazaxıstanlı sahibkarlar yaxın vaxtlarda Azərbaycan supermarket şəbəkələrinə bal tədarükünə başlayacaqlar.

Regionun Akimi Nurımbet Saktaqanovun sözlərinə görə, Şərqi Qazaxıstan vilayəti ilə Azərbaycanın bu istiqamətlərdə birgə layihələr üçün perspektivləri mövcuddur. Şərqi Qazaxıstan sahibkarlarının Azərbaycan bazarına təklif edəcəyi məhsullar var. Coğrafi yaxınlıq, ölkələrimiz arasındakı mədəni əlaqələr və Şərqi Qazaxıstanın turizm imkanlarının müxtəlifliyini nəzərə alaraq, region Azərbaycan turistləri üçün müalicəvi–sağlamlıq istirahəti təklif etməyə hazırdır. Vilayət rəhbəri həmçinin regionun dağ-mədən sənayesində böyük potensiala malik olduğuna diqqət çəkib.
Tərəflər konkret layihələrin həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər.
Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:11