mobil versiya

Qidalanmayan uşaqların orqanizmində antibiotiklərə davamlı bakteriyalar aşkarlanıb




“Nature Communications” jurnalında dərc olunan elmi araşdırma Nigerdə ağır qidalanma çatışmazlığı səbəbilə müalicə alan beş yaşdan kiçik uşaqlar arasında antibiotiklərə davamlı bakteriyaların geniş yayıldığını ortaya qoyub.

Tədqiqat Ineos Oksford Antibakterial Tədqiqatlar İnstitutu (IOI) tərəfindən Sərhədsiz Həkimlər (MSF) təşkilatı ilə əməkdaşlıq çərçivəsində aparılıb. Tədqiqat çərçivəsində 2016-2017-ci illərdə 1371 uşaqdan 3000-dən çox düz bağırsaq yaxması götürülərək təhlil olunub. Nəticələr antibiotiklərə davamlılıq səviyyəsinin yüksək olduğunu göstərib. Uşaqların 76 faizi bir çox antibiotiki təsirsiz hala gətirə bilən geniş spektrli β-laktamaza (ESBL) genləri daşıyan bakteriyalara sahib idi. 25 faiz uşaqlarda isə karbapenemlərə qarşı müqavimət göstərən blaNDM kimi genləri olan bakteriyalar aşkarlanıb. Tədqiqat dövründə xəstəxanaya daxil olarkən karbapenemə davamlı bakteriya daşımayan uşaqların 69 faizi xəstəxanadan çıxdıqda bu bakteriyaları daşımağa başlamışdı. Uşaqların 11 faizində isə müalicə imkanlarını ciddi şəkildə məhdudlaşdıran blaNDM geni daşıyan E. coli ST167 bakteriya aşkarlanıb. Tədqiqatçılar qeyd ediblər ki, bu bakteriyalar antibiotiklərə qarşı müqavimət (AMR) səbəbilə müalicəni çətinləşdirə bilər. Bağırsaqlarda davamlı bakteriyaların qalması uşaqlarda gələcəkdə pnevmoniya, sepsis, ishal və sidik yolları infeksiyaları kimi həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Tədqiqatın aparıcı müəllifi Kirsti Sands bildirib: “Bu uşaqlar dünyada ən həssas qrupdadır. Lakin onların həyatlarını xilas edə biləcək antibiotiklərə qarşı müqavimətli bakteriyalar daşıdıqlarını görürük”.
Araşdırmada iştirak edən Kardiff Universitetindən professor Oven Spiller isə əlavə edib ki, humanitar böhranlar fonunda antibakterial müqavimətin “səssiz pandemiyası” güclənir və bu vəziyyətin qarşısının alınması üçün koordinasiyalı beynəlxalq tədbirlər və investisiyalar zəruridir.
Son olaraq, laboratoriya koordinatoru Selin Langendorf infeksiyaların qarşısının alınması və nəzarət tədbirlərinin təcili şəkildə gücləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə resursları məhdud olan, izdihamlı xəstəxanalarda bu bakteriyaların bir uşaqdan digərinə asanlıqla keçə bildiyi bildirilib.
Bu nəticələr humanitar böhran yaşayan regionlarda antibiotik müqavimətinə qarşı qlobal miqyasda mübarizənin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.(azərtac)





SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:11