mobil versiya

Erkən yemək genetik piylənmə riskini azalda bilər



Madrid Universitetinin yeni tədqiqatI göstərir ki, yeməkləri günün erkən saatlarında qəbul etmək, genetik olaraq piylənməyə meyilli olan insanlarda belə, uzunmüddətli çəki artımını azalda bilər.

“Obesity” jurnalında dərc olunan araşdırma çərçivəsində tədqiqatçılar 1195 artıq çəkili və ya piylənməsi olan yetkinin iştirak etdiyi ONTIME (Piylənmə, Nutrigenetika, Zamanlama və Aralıq dənizi) tədqiqatını təhlil ediblər. İştirakçılar İspaniyada altı müxtəlif arıqlama klinikasında 16 həftəlik çəkiitirmə proqramında iştirak ediblər və onların yemək vaxtı, genetik məlumatları və uzunmüddətli çəki dəyişiklikləri izlənilib. Tədqiqatçılar hər bir iştirakçının genetik piylənmə riskini 900 mindən çox genetik marker əsasında hesablayıblar.

Nəticələr göstərib ki, yemək vaxtı nə qədər gec olarsa, xüsusilə genetik riski yüksək olan fərdlərdə, uzunmüddətli çəki artımı bir o qədər çox olur. Belə ki, yeməyin orta nöqtəsinin hər bir saat gecikməsi bədən kütlə indeksində 0,95 kiloqram/kvadratmetr və bədən çəkisində 2,2 faiz artımla əlaqələndirilib. Genetik riski yüksək olan qrupda bu artım 2,21 kiloqram/kvadratmetrə qədər yüksəlib. Əksinə, aşağı genetik riskə malik şəxslərdə bu cür əlaqə müşahidə edilməyib.

Tədqiqat nəticələri göstərir ki, yemək vaxtı yalnız metabolik proseslərə deyil, eyni zamanda, genetik piylənmə riskinin reallaşmasına da təsir göstərə bilər. Müəlliflərin fikrincə, erkən yemək vərdişi, genetik riskə baxmayaraq uzunmüddətli arıqlama nəticələrinin qorunmasına kömək edə bilər və fərdiləşdirilmiş piylənmə müalicəsində nəzərə alınmalıdır. (Azərtac)





SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 09:30