mobil versiya

Süd vəzi xərçənginin yayılması irsi ola bilər



Yeni araşdırmalar PCSK9 geninin bir variantının döş xərçənginin metastazına səbəb ola biləcəyini ortaya çıxarıb. Daha əhəmiyyətli olan budur ki, prosesi təsdiqlənmiş anticisim vasitəsilə yavaşlatmaq mümkündür. Bu nəticələr “Cell” jurnalında dərc edilib.

Nyu-Yorkdakı Rokfeller Universitetinin onkoloqu və xərçəng bioloqu Sohail Tavazua və komandası, döş xərçəngi şişlərinin yayılma səbəblərini araşdırarkən, mutasiyalardan daha çox irsi genetik variantların prosesə təsir göstərə biləcəyini müşahidə edib.
Tədqiqatçılar PCSK9 geninin müəyyən variantının döş xərçənginin metastazı ilə əlaqəli olduğunu aşkarlayıblar. İsveçdə aparılan genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, bu variantın iki nüsxəsini miras almış şəxslərdə metastaz riski 22 faiz təşkil edir. Halbuki, bu variantın bir və ya heç nüsxəsini miras almayan insanlarda həmin risk cəmi 2 faizdir. Eyni zamanda, digər üç tədqiqatın yenidən analizi göstərib ki, PCSK9 variantının iki nüsxəsinə malik olan döş xərçəngi xəstələrinin sağ qalma ehtimalı daha aşağıdır. Tədqiqatlar, həmçinin bu variantın Avropa və Afrika mənşəli insanların 70 faizində, Cənubi Amerika və Asiya regionunda isə daha geniş yayıldığını ortaya qoyub. PCSK9 geninin xəstəliklə əlaqəli variantı tərəfindən sintez olunan zülalın metastazı stimullaşdırdığı və bununla da döş xərçəngi hüceyrələrinin yayılmasına səbəb olduğu siçan təcrübələrində aşkarlanıb. Bununla belə, yüksək xolesterol səviyyəsini müalicə etmək üçün təsdiqlənmiş anticisim, PCSK9 zülalının bu təsirini yavaşlada bilər. Sohail Tavazua qeyd edir ki, bu anticisim vasitəsilə döş xərçəngi metastazını azaltmaq mümkündür.
Tədqiqat nəticələri göstərir ki, anticisim erkən mərhələdə, hətta xərçəng inkişaf etməmişdən əvvəl istifadəsi daha effektiv ola bilər. Gələcəkdə aparılacaq klinik sınaqlar bu anticismin metastazın qarşısını almaq və ya metastatik döş xərçəngi olan xəstələrin sağ qalma ehtimalını artırmaq potensialını təsdiqləyə bilər. Bu tapıntılar döş xərçəngi ilə mübarizədə yeni imkanlar yaradır və genetik faktorların xəstəliyin inkişafında oynadığı rolu daha yaxşı anlamağa kömək edir. (azərtac)
 


SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 09:36