mobil versiya

Mütəxəssis süd vəzi xərçənginə zəmin yaradan amilləri açıqlayıb



“Çoxsaylı abortlar, hamiləlikdən qorunmaq üçün həblərin uzunmüddətli qəbulu və digər amillər süd vəzi xərçənginə zəmin yaradır”.
Bunu Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva deyib.
Onun sözlərinə görə, süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir: “Bu növün rast gəlindiyi qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicə yolu ilə sağalma ehtimalı yüksəkdir. Bu səbəbdən qadınlar mütəmadi olaraq bu məsələyə həssas yanaşmalı, vaxtında həkimə müraciət etməlidir”.
Mütəxəssis qeyd edib ki, süd vəzi xərçəngi riskində genetik faktor da mühüm amillərdəndir: Eyni zamanda əvvəllər süd vəzi xərçəngi diaqnozunun qoyulması və ya xoşxassəli süd vəzi düyününün olması, həddindən artıq çəkili olmaq, spirtli içki içilməsi və s. də risk faktorlarındandır. Süd vəzisindəki xoşxassəli şişlər bir fazi halda bədxassəli şişə çevrilə bilər. Şişləri azaltmaq, yaxud xoşxassəli şişin bədxassəli şişə keçməməsi üçün çox çəkili olmamaq, spirtli içki və ya siqaretdən istifadəni dayandırmalıyıq. Sağlam həyat tərzi önəmlidir”.
H.Vəliyeva bildirib ki, kişilərdə rast gəlinən süd vəzi xərçəngi qadınlara nisbətdə daha aqressiv olur: "Bu, adətən irsi xarakter daşıyır. Eyni zamanda kişilər arasında bu xəstəliyin rastgəlinmə yaşı 5-10 il əvvəl olur. Onu da qeyd edim ki, qan azlığının süd vəzi xərçənginə təsiri yoxdur. Sübut olunub ki, spirtli içki qəbulu və siqaret çəkilməsi süd vəzi xərçəngi riskini artırır. Misal olaraq, gün ərzində bir qədəh şərab içilməsi süd vəzi xərçəngini 10 % artırmış olur”.(report)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 4-10-2023, 15:56