Cəmiyyətin görməsi üçün ziya lazımdır, ziya üçün də maarif

Ən iti gözlü insan belə zülmət qaranlıqda heç görə bilməz, görmək üçün işıq, ziya lazımdır. İşıqsız göz öz işini görə bilmir. Göz yalnız ışqlanan nəsnəni (obyekt, cism) görə bilər.
Cəmiyyətlər, toplumların da cahillikdən çıxmaq üçün işığa, ziyaya ehtiyacı var. İşıq, ziyanın yeganə mənbəyi isə mədəniyyət, bilikdir. Mədəniyyət və biliyi əlçatan edən, cəmiyyəti bilgiləndirməyin yeganə yolu maarifdir, təbliğdir. Nə qədər vahiməli səslənsə də, sanki, 153 il geri qayıtmışıq.
Yenə Həsən bəy Zərdabi (Allah qəni-qəni rəhmət eləsin!) atla, arabailə oba-oba gəzib maarifə dəvət etməlidir. Cəmiyyətdə bir sıra mövzularla əlaqədar açılan müzakirələr göstərir ki, hökumət geniş maariflənmə proqramı qəbul etməlidir. Maarifləndirmək cəmiyyətlə ən vacib məsələləri müzakirə etmək, aydınlatmaqdır. Dövlətimiz, inkişaf yolumuz, tariximiz, çağdaş siyasətimiz, etnoqrafiyamız, çətinliklərimiz cəmiyyətə izah olunmalıdır. Məsələn, azad olunmuş torpaqlarda məskunlaşma siyasəti ilə əlaqədar geniş maarifləndirmə aparılmalıdır. Suallara aydınlıq gətirilməlidir. Bu TV-lərin süjetləri ilə mümkün olmayacaq. Bu rəsmilərin quru açıqlamaları ilə də olmayacaq. Bu saytlardakı quru məqalələrlə də olmayacaq. Cəmiyyət arasına çıxıb, ictimai müzakirələrdə, TV-də, sosial şəbəkələr üzərindən yayınlan müzakirələrdə, canlı görüşlərdə izah edilməlidir ki, mexaniki, fiziki köçürmə işin ən asan tərəfidi, davamlı məskunlaşma işin çətin tərəfidir. İş yerləri, yaşayış üçün infrastuktur olmalıdır. 5 ildə doğrudan çox nəhəng iş görülüb. Hansı ölkə bunu 5 ilə edib ki? Problemlər də dinlənməlidir, təkliflər eşidilməlidir. Cəmiyyət görməli, hiss etməlidir ki, o prosesin iştirakçısıdır. İnsanlar suallarına cavab almalıdır.
Maarifləndirmək budur, hələ Sokrat deyirdi ki, həqiqət nisbi deyil, açıq müzakirələrdə insanların arqumentlərlə əsaslandırdığı və çoxluğun qət etdiyi fikir həqiqi fikirdir. Cavablar veriləndə, izah ediləndə, maariflənmə olanda hər hansı mövzu ilə bağlı belə qütbləşmə olmayacaq. Daha SEPAH generalına yas tutulmayacaq və s. Bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İB-in layihəsi çərçivəsində regionlarda sorğu keçirdik və insanlar dövlət orqanları nümayəndələri ilə canlı görüşləri üstünlük verdikləri iştirakçılıq forması kimi qeyd etdilər. İnsanlar maariflənmək istəyir, dinləmək istəyir. Onlarla rəsmilər danışmayanda, xarici təsir agentləri danışır, İranın "Səhər TV"-si, Rusiyanın "Rossiya", Britanıyanın "BBC" kanalı, Tik-Toku, Feysbuk "qəhrəmanı" danışır. Cəmiyyət hər zaman dinləmək, ən vacib məsələlərin yozumunu eşitmək, yaranan suallara cavab istəyir. Bu onun fitrətindədir, ağıllı danışmasa, axamaq danışsa bir-iki dəfədən sonra ona qulaq asamağı öyrənəcək. Bu insanların sosial ehtiyacıdır, cəmiyyətə qulaq asma, cavab axtarma, demək olmaz. Çıxış yolu ictimai maariflənmədir. Əgər istəmiriksə ki, insanlarımız başqa ölkələrin ağzı və ağlı ilə danışsın, əgər istəyiriksə ki, cəmiyyətimiz ən azı ölkəmizin həyatıvacib məsələləri ilə əlaqədar sağlam düşünsün, onda yenidən Maarif bayrağını qaldırmalıyıq. Məşhur filosof Edmund Börk deyirdi ki, "Təhsil hər bir ölkənin başlıca müdafiəsidir!".
Zaur İbrahimli, siyasi şərhçi
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:08