mobil versiya

Eldar Mahmudovun “U dönüşü” arzusu və bankirinin ayaqda qalmasının sirri




Bildirilir ki, sabiq nazir 2015-ci ilin oktyabrında onunla bağlı şübhələrin “əsassız olduğunu” iddia edir; bəs, onun pullarını saxlayan Çingiz Əsədullayev..?


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov barəsində yeni məlumatlar yayılıb. Sabiq nazirin vəzifə almaq üçün bəzi ünvanlara baş vurduğu deyilir. Bildirilir ki, Eldar Mahmudov 2015-ci ilin oktyabrında MTN-də baş tutan əməliyyatlara yol açan məlumatların həqiqət olmadığını ortaya qoymaq üçün çabalar göstərir. Eldar Mahmudov sübut etməyə çalışır ki,  MTN-də əməliyyatlara yol açmış gizli və qanunsuz dinləmələr ittihamı uydurma olub. 

Çox da inandırıcı olmasa da, hər halda belə iddialar var və bu iddiaların nə dərəcədə doğru olmasını Eldar Mahmudov təsdiqləyə və ya təkzib edə bilər.  Bu məlumatların dövriyyədə olması onu deməyə əsas verir ki, Eldar Mahmudov 5 illik fasilədən sonra hərəkətə keçib. Digər tərəfdən, Mahmudov və komandasının zərbələrə dayanıqlı olması da göz qabağındadır. MTN-də baş tutan əməliyyatdan sonra həbsə alınan 20-yə yaxın “mahmudovçu”nun əksəriyyəti artıq azadlıqdadır. 

Bu arada Eldar Mahmudovun 2 bankirindən biri olan Çingiz Əsədullayev “AGBank”ı başqa bir adla “diriltməyə” çalışır. Çingiz Əsədullayevin, əslində isə müəyyən hissəsi qeyri-rəsmi olaraq Eldar Mahmudovun olan “AGBank”ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilib. Çingiz Əsədullayev Eldar Mahmudovun nazir olduğu dövrdə “AGBank”ın Müşahidə Şurasının sədri idi. Bankın rəsmi internet səhifəsində səhmdarların siyahısı və əqdləri bölməsində bankın səhmlərinin 33.57 faizinin ona və ailəsinə məxsus olduğu qeyd edilirdi.

Çingiz Əsədullayev 2010-2015-ci illərdə Ağdaşdan deputat idi. Onun rəhbəri olduğu bankda Eldar Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü barədə bu günə qədər təkzib olunmayan iddialar var. “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işində “AGBank”ın da adı hallanırdı. Məlumat üçün deyək ki, Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilib. Mediada yayılan məlumatlara görə, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların bir hissəsi “AGbank” vasitəsi ilə ölkədən çıxarılıb. Təsadüfi deyil ki, Çingiz Əsədullayevin qürubu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra baş verdi...

2015-ci ildə keçirilən parlament seçkilərində onun namizəd olduğu 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv edilib. Ardından “AGBank”da problemlər yaranmışdı. Sonda Mərkəzi Bankın qərarı ilə Çingiz Əsədullayevin bankının lisenziyası ləğv edildi.

Eldar Səmiminin “Azəriqazbank”a faktiki 202 min manat borcu var ...

Çingiz Əsədullayev bank sahibi olarkən adı müxtəlif cinayət işlərinə qarışmışdı. Məlum olmuşdu ki, Çingiz Əsədullayev “AGbank”da öz dostuna saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürmək üçün şərait yaradıb. Bank rəhbərliyi dəyişəndən sonra məsələnin üstü açılmışdı. Söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Eldar Səmimi cinayətindən gedir. Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları üzə çıxıb.

İttihama görə, Eldar Səmimi “AGbank”dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Əsas məqam isə Eldar Səmiminin şəxsiyyəti ilə bağlıdır. Bu şəxs 1993-cü ildə “AGbank” təsis edildikdən sonra 2 ilə yaxın bankın Müşahidə Şurasının sədri, təsisçilərdən biri olub. Daha sonra Eldar Mahmudovun digər bankında - “Azərbaycan Beynəlxalq Bankı”nda və “Mostbank”da da çalışıb.
1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin İdarə Heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Eldar Səmimi 2012-ci ildə “Təzə bazar” yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi “AGbank”dan bir neçə dəfə kredit götürüb. Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu qaytarmayıb. Bundan sonra məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları müsadirə edilərək onun borcuna yönləndirilsin. Bu zaman Eldar Səmiminin cinayət işinin üstü  açılıb. Bank tərəfindən qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki,  Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.

AGBank”da müsbət tendensiyalar başlayıb - BANK VƏZİYYƏTİNİ ...

Saxta qızılın girov qoyulması qalmaqalı “AGbank”da ilk deyil. Vaxtilə banka girov qoyan Maqsud Mahmudov da bankdakı saxtakarlıqdan danışmışdı. Demişdi ki, banka girov olaraq qoyduğu brilyantlar saxtaları ilə əvəzlənib. Bu məsələ sona qədər araşdırılmadı. Eldar Mahmudovun həbsə alınmaması, komanda üzvlərinin ayaqda qalması məsələsi bu cür faktların ümumiyyətlə araşdırılmamasına gətirib çıxarıb.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun ötən 5 il ərzində ayaqda qalmasının müxtəlif səbəbləri var: “Onun nazir kimi fəaliyyəti ümumilikdə cəmiyyət üçün arzuolunan deyildi. Bunu hər kəs bilirdi. Bu adamların gücü vəzifədə olduğu müddətdə tutduqları posta görə idi. Hazırda vəzifədə olduğu dönəmdə əldə etdikləri milyardlar və törətdikləri əməllərin tək özlərinə aid olmaması ilə bağlıdır. Eldar Mahmudov bu qədər cinayətin qabağında 2 dəfə istintaqa çağırılmaqla məsələ bitdi. Baş verənlər bu adamların daxili gücü deyil. Eldar Mahmudov və komandası ona görə sınmayıblar ki, törətdikləri əməllərə görə kimsə onlara irad bildirə bilmir”..

Akif Çovdarov: 19 mükafat, bir orden, iki medal, general-mayor ...

Hüquqşünas deyir ki, Eldar Mahmudovun ən yaxın adamı Akif Çovdarovun həbsi və 4 il yarımdan sonra azad edilməsi imitasiyadan başqa bir şey deyildi: “Eldar Mahmudovu da sadəcə vəzifədən çıxarıblar. Əslində isə bu adamlar ömürlük həbsə məhkum olunmalı idilər. Və onlara cəzadan şikayət vermək hüquqları da tanınmamalı idi. Çünki onlar bu dərəcədə çox cinayətlərin sahibidirlər. Mütləq nazir və müavinləri baş verənlərə görə həbsə alınmalı idilər”.

MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 5-08-2020, 11:10