mobil versiya

İnkişaf etməkdə olan Asiya ölkələri üçün sıfır karbona qlobal keçidin faydaları xərclərindən 5 dəfə çox ola bilər



İstixanaların səbəb olduğu karbon qazı tullantılarının sıfıra endirilməsi üçün göstərilən qlobal səylər iqtisadi və sosial sahədə əhəmiyyətli faydalar gətirə bilər. Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən, inkişaf etməkdə olan Asiya ölkələri üçün faydaları bu məqsədlə çəkilən xərclərin 5 mislini təşkil edə bilər.
Bu gün dərc olunmuş “Asiyanın İnkişaf Perspektivləri Tematik Hesabat: Sıfır Karbona Qlobal Keçid fonunda Asiya” sənədinə əsasən iqlim dəyişikliyinin səbəb olduğu iqtisadi ziyanın qarşısının alınmasına və daha təmiz havaya görə insanların sağlamlığının yaxşılaşmasına nail olmaq, habelə bu strategiyadan irəli gələn digər faydaları əldə etmək dəqiq siyasi islahatlar vasitəsilə mümkün olar.
Dünya ölkələrinin Paris Sazişinə uyğun olaraq qlobal istiləşməni 2°C dərəcədən çox aşağı səviyyəyə endirilməsi uğrunda birgə icra edəcəyi təxirəsalınmaz tədbirlərin region üçün xərcləri ümumi daxili məhsulun (ÜDM) təxminən 1%-ni təşkil edəcək. Buraya iqlim və ya havanın keyfiyyətinə təsir edən faydaları daxil olunmayıb.
“İqlim siyasətinin özünü doğrultması üçün karbon tullantılarının vurduğu zərərlərin dəyərinin ödənilməsi mexanizmləri kimi iqtisadi baxımdan səmərəli yanaşmaları tətbiq etməliyik” AİB-nin baş iqtisadçısı Albert Park bildirib. “Bu hesabat göstrərir ki, Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tələb olunan səmərəli keçidin xeyirləri müvafiq xərclərin 5 mislini təşkil edə bilər. Heç kəsi diqqətdən kənar qoymayan iqlimlə bağlı hədəflərə, dayanıqlı artıma və rifahın təmin olunmasına nail olmaq üçün bütün dünya birgə fəaliyyət göstərməlidir.”
Asiya və Sakit Okean regionu iqlim dəyişikliyi ilə mübarizədə ön cəbhədə yer alır. Dəniz səviyyəsinin qalxması dünya əhalisinin 70%-nin yaşadığı bu regionda hər kəs üçün risklidir. Eyni zamanda, 2019-cu ildə dünya üzrə atmosfere buraxılan istixana qazlarının yarısı bu regionun payına düşür. Hesabata əsasən regionun artım modelinin transformasiyası təmin edilmədən Asiya və Sakit Okean regionunda iqtisadi və inkişaf məqsədlərinə, eyni zamanda fəlakətlərlə nəticələnən iqlim risklərinin qarşısının alınmasına nail olmaq mümkün olmayacaq.
Bu transformasiya kömür və digər fosil yanacaqlarının bərpa olunan enerji mənbələri ilə sürətli şəkildə əvəz edilməsini, enerji səmərəliliyinin artırılmasını və meşələr kimi karbon qazını udan mənbələrin mühafizə olunmasını tələb edir. Nəticə etibarilə, qlobal sıfır karbon yanaşmasının tətbiqi havanın çirklənməsini azaltmaqla 2030-cu ilə qədər Asiya və Sakit Okean regiounda ildə təxminən 350000 insanın həyatını xilas edə bilər. Bu yanaşma, həmçinin 2050-ci ilə qədər enerji sektorunda 1,5 milyon əlavə iş yeri yarada bilər.
Hesabata əsasən 2100-cü ilə qədər orta qlobal istiləşmə təxminən 4°C dərəcə olarsa iqlim dəyişikliyinin vuracağı zərər zamanla artaraq inkişaf etməkdə olan Asiya ölkələrində ümumi daxili məhsulun əsrin sonunadək 24% azalmasına səbəb olacaq.
Hesabat siyasəti formalaşdıranlara üç əsas sahəyə diqqət yetirməyi tövsiyə edir:
- karbon tullantısına görə dəymiş zərərin dəyərinin ödənilməsi mexanizmləri və fosil yanacaqları, həmçinin torpaqdan istifadə ilə bağlı subsidiya islahatları;
- maliyyə vəsaitinin cəlb edilməsi və daha təmiz enerjinin təşviq edilməsinə dair normativ-hüquqi aktlar və stimullar;
- ədalətin təmin olunması üçün sosial müdafiə və məşğulluğa dəstək.
Hesabat AİB-nin aparıcı iqtisadi nəşri olan Asiyanın İnkişaf Perspektivləri sənədinin tərkibi hissəsidir. Bu ilki Asiyanın İnkişaf Perspektivləri sənədi 4 aprel 2023-cü il tarixində dərc olunub və bura Asiya və Sakit Okean regionunda 46 ölkənin iqtisadiyyatı ilə bağlı təhlilləri və müşahidələri daxildir.
AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-04-2023, 17:49