Asiya İnkişaf Bankı 2023 və 2024-cü illərdə Asiya və Sakit Okean Hövzəsi üçün 4,8% artım proqnozlaşdırır
Asiya İnkişaf Bankı (AİB) bu il Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələr üçün daha sürətli artım proqnozlaşdırır. Buna səbəb pandemiya məhdudiyyətlərinin davamlı şəkildə yumşaldılaraq istehlak, turizm və investisiyalarda artıma nail olunmasıdır. Sıfır COVID strategiyasından imtina edən Çin Xalq Respublikasının (ÇXR) yenidən açılması regionun inkişaf perspektivlərini canlandıran əsas amildir.
“Asiyanın İnkişaf Perspektivləri (ADO)”-nun bu gün dərc olunan aprel sayına əsasən Asiya və Sakit Okean regionunda yerləşən ölkələrin iqtisadiyyatı 2022-ci ildəki 4,2%-lik artım tempinə nisbətdə yaxşılaşaraq bu il və gələn il 4,8% böyüyəcək. ÇXR istisna olmaqla, Asiyanın inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın bu il 4,6%, 2024-cü ildə isə 5,1% artacağı gözlənilir. Ölkələrin iqtisadiyyatları arasında əhəmiyyətli fərq olsa da, regionda inflyasiyanın pandemiyadan əvvəlki səviyyələrə doğru tədricən azalacağı proqnozlaşdırılır.
İstehlak və investisiyaların artması Rusiyanın Ukraynaya hücumu, eləcə də digər qlobal problemlər nəticəsində bahalaşan ərzaq və enerji qiymətlərinin təsirlərini kompensasiya edir. Bu isə öz növbəsində regionda bir çox ölkənin iqtisadiyyatı bərpa etmək imkanlarını artırır. Pandemiya məhdudiyyətləri daha da yumşaldıqca turizm və pul köçürmələri artmağa meyl göstərir. İqtisadiyyatı turizmdən asılı olan bir çox ölkələrdə turistlərin səfər sayı pandemiyadan əvvəlki səviyyə doğru yaxınlaşmaqdadır.
Bununla belə, gələcək üçün risklər davam etməkdədir. Rusiyanın Ukraynaya uzun müddətdir davam edən hücumu əmtəə qiymətlərində və qlobal inflyasiyada yenidən artıma, eləcə də pul siyasətinin daha da sərtləşməsinə səbəb ola bilər. Son on ildə və pandemiya zamanı borcun artması ilə birlikdə daha sərt qlobal maliyyə şərtləri maliyyə sabitliyi risklərini artırıb. Buna misal kimi ABŞ və Avropada bank sektorunda son dövrlərdə baş verən qarışıqlığı göstərə bilərik. ADO-nun 2023-cü ilin aprel nəşrinə əsasən, bu risklər diqqətlə izlənilməli və mütəmadi şəkildə qarşısı alınmalıdır.
AİB-nin baş iqtisadçısı Albert Park qeyd edib ki, "Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatları üçün perspektivlər daha parlaqdır və pandemiyadan sonra normallaşmaya qayıtdığımız üçün onlar güclü şəkildə bərpaya hazırdırlar". “İnsanlar istirahət və iş məqsədilə yenidən səyahət etməyə başlayır, iqtisadi iqtisadi fəaliyyətlər sürətlənir. Bir çox problemlər davam etdiyinə görə, regiondakı hökumətlər ticarət, investisiya, məhsuldarlıq, həmçinin dayanıqlılığı təşviq etmək üçün daha güclü əməkdaşlıq və inteqrasiyanı dəstəkləyən siyasətlərə diqqət yetirməlidirlər”.
ÇXR ötən ilin dekabrında sıfır COVID strategiyasının ləğvi etdi. 2022-ci ildə 3,0% olan ÇXR-nin iqtisadi artımının bu il 5,0%, 2024-cü ildə isə 4,5% olacağı gözlənilir. Hindistan iqtisadiyyatının isə sağlam daxili tələbat hesabına bu il 6,4%, gələn il 6,7% böyüyəcəyi proqnozlaşdırılır.
Turizmdə canlanma və dayanıqlı daxili təlabat İndoneziya, Filippin və Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatını gücləndirir. Bu sub-regionun cari il 4,7%, 2024-cü ildə isə 5,0% böyüyəcəyi proqnozlaşdırılır. Qafqaz və Mərkəzi Asiya ölkələrində də sabit artım gözlənilir. Bu sub-regionda artımın 2023-cü ildə 4,4% və 2024-cü ildə isə 4,6% artacağı proqnozlaşdırılır. Ölkələrin turistlər üçün sərhədləri yenidən açmağa davam etməsi və turizmin bərpası Sakit Okean regionunda artıma təkan verir və illik böyümənin 2023-cü ildə 3.3%, 2024-cü ildə isə 2,8% olacağı ehtimal olunur.
Ötən il 4,4% olan regional inflyasiya bu il 4,2%, 2024-cü ildə isə 3,3% olması gözlənilir. Təchizat zəncirinə təzyiqlərin azalması, daha sərt monetar şərtlər, eləcə də azalmasına baxmayaraq hələ də baha olan əmtəə qiymətləri Asiyanın inkişaf etməkdə olan ölkələrində inflyasiyaya təsir edən amillər olması gözlənilir.
AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-04-2023, 12:48